Dünyanın yarısından çoxu sosial şəbəkələrdədir - STATİSTİKA

Dünyada mobil telefon və sosial media istifadəçilərinin sayında artım davam edir. Son araşdırmalar göstərir ki, həm mobil abunəçilərin, həm də sosial media istifadəçilərinin sayı qlobal miqyasda rekord həddə çatıb.
Sfera.az xəbər verir ki, məlumatlara əsasən, mobil telefon abunəçilərinin sayında ən yüksək göstərici Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.
Bu ölkədə 100 nəfərə təxminən 199 mobil abunəçi düşür. Cənubi Koreyada da mobil telefon istifadə səviyyəsi çox yüksəkdir – ölkədə mobil penetrasiya təxminən 97%-dir. Digər yüksək göstəricili ölkələrə İsrail, Norveç və İsveç də daxildir.
Dünyada ən çox smartfon istifadəçisi olan ölkələr sırasında Çin birinci yerdədir. Ölkədə təxminən 974 milyon smartfon istifadəçisi var. Hindistan ikinci yerdə gəlir. Burada smartfon istifadəçilərinin sayı 659 milyona çatır. ABŞ isə təxminən 81,6% yüksək smartfon penetrasiyası ilə lider ölkələrdən biridir.
Qlobal statistika göstərir ki, dünyada sosial media istifadəçilərinin sayı artıq 5,24 milyard nəfəri keçib. Bu, dünyanın ümumi əhalisinin təxminən 64%-i deməkdir.
Sosial media penetrasiyasına görə isə Səudiyyə Ərəbistanı liderdir. Ölkədə göstərici 102%-dir. Birləşmiş Ərəb Əmirlikləri (96%) və Cənubi Koreya (94%) də sosial şəbəkələrdən istifadədə ən aktiv ölkələr sırasındadır.
Sosial media istifadəçilərinin sayına görə də Çin ilk yerdədir, ölkədə bu göstərici 1,02 milyard nəfəri ötür. Hindistan (755 milyon) və ABŞ (302 milyon) isə siyahının növbəti pillələrində qərarlaşıb.
Fidan Hacızadə
Sfera.az






