"Əvvəl alma-çörək yeyirdim, indi kürü..."
Müğənni Nadir Qafarzadə son vaxtlar özünü yaxşı hiss etmədiyini, ətrafındakı insanların münasibətlərindən və həyatın dəyişməsindən yorulduğunu etiraf edib.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə aparıcı Lamiya Ələkbərovanın “Ulduzla danış” proqramında danışıb. N.Qafarzadə bildirib ki, bəzən insan nə qədər haqlı olsa da, ətrafındakılar həqiqəti qəbul etmək istəmir:
“Özümü heç yaxşı hiss etmirəm. Bir az yüklənmişəm. Düşünürəm, bəlkə, taqətdən düşürəm. Ətrafımdakılara baxıram, görürəm ki, cəmiyyətdən, işdən yorulublar. Deyirəm, mənim bəlli yaşım var, sizin 20-25 yaşınız var. Mən sizin yaşınızda olanda qaynayırdım. İnsan səni başa düşməyəndə özünə qapanırsan ki, görəsən, nəyi düz etmədim? Bəzən ətrafındakılar həqiqəti qəbul etmir. Hətta düz olsan da, bəzən həqiqəti deməməlisən”.
Müğənni insanları yaxşılığa və köməyə öyrəşdirdiyini, lakin bunun hər zaman dəyərləndirilmədiyini də söyləyib:
“Avtomobil saxlayanda nəzarətçiyə bir manat olsa da verirəm. Çox vermək də olmaz. Pis öyrəşdirirsən. Bizim əvvəl bir manatımız olanda da şükr edirdik. Deyirdik, çörək almağa pulumuz var, kiməsə ağız açmayacağam. O qədər yavan çörək, alma-çörək yemişəm. Elə qəşəng olur. İmkan olmayıb, yemişəm. Bu gün kürü də yeyirəm, amma həmin ləzzət yoxdur. Onu yeyəndə anam yanımda idi. Qarnımı doyduran ana sevgisi idi”.
N.Qafarzadə müasir dövrdə insanların telefonlara həddindən artıq bağlanmasından da gileylənib. O bildirib ki, əvvəlki səmimi münasibətlər, qonaq gedib-gəlmək ənənəsi getdikcə arxa plana keçir:
“İndi bizi telefon yadlaşdırıb. Əvvəl qonaq gedirdik. İndi hər şeyi telefonla edirik. Həyat maraqsız olur”.






