Mehmet Erbil infarkt keçirməyib - AÇIQLAMA

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbilin infarkt keçirdiyi və xəstəxanaya yerləşdirilərək damarına stent qoyulduğu barədə yayılan xəbərlər təkzib edilib.
Sfera.az xəbər verir ki, 69 yaşlı Erbilin yeni layihəsi üçün hazırlıq və məşq zamanı qəfil səhhətinin pisləşdiyi, daha sonra xəstəxanaya aparıldığı və ürək damarlarından birinin tutulması səbəbilə təcili stent taxıldığı iddia olunub.
Xəbərlərin yayılması onun pərəstişkarları arasında narahatlığa səbəb olub.
İddialara Mehmet Ali Erbilin qardaşı, Endokrinologiya və Metabolizm Xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Yeşim Erbil aydınlıq gətirib.
O, qardaşının infarkt keçirmədiyini, xəstəxanaya yerləşdirilmədiyini və damarına stent taxılmadığını bildirib. Yeşim Erbil Mehmet Ali Erbilin hazırda evində olduğunu və səhhətinin yaxşı olduğunu qeyd edib.
Şoumenin mətbuat məsləhətçisi Perim Özgeldi də yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:
“Mehmet Ali bəy çox yaxşıdır, səhhəti yerindədir. Belə bir vəziyyət baş verməyib”.
İradə Elsevər






