Mask ona həsr olunan filmi bəyənmədi

Milyarder İlon Mask onun həyatı və fəaliyyəti barədə çəkilən yeni sənədli filmə sərt reaksiya verib.
“Sfera.az” xəbər verir ki, “Oscar” mükafatlı rejissor Aleks Gibneyin ərsəyə gətirdiyi “Musk” adlı, təxminən 4 saatlıq sənədli film sentyabrın 8-də Venesiya Film Festivalında nümayiş olunub. Film nümayişdən sonra 4 dəqiqəlik ayaqüstü alqışlarla qarşılanıb və tənqidçilərdən əsasən müsbət rəylər alıb.
Film İlon Maskın siyasi mövqelərindəki dəyişiklikləri, MAGA hərəkatına dəstəyini, “Tesla”nın avtonom idarəetmə texnologiyaları ilə bağlı mübahisələri, Mars layihələrini, eləcə də şəxsi həyatını və övladlarının anaları ilə münasibətlərini araşdırır. Mask sosial şəbəkə hesabında filmlə bağlı paylaşımlara cavab verərək Gibneyi kəskin tənqid edib.
O, rejissorun “sıfır dürüstlüyə” malik olduğunu və “dəhşətli insan” olduğunu yazıb. Milyarder hətta it nəcisinin sənədli filmdən daha çox hörmətə layiq olduğunu bildirib. Mask başqa paylaşımında filmi qarayaxma kampaniyası adlandırıb və onun“tamamilə hədəfdən yayındığını qeyd edib. O, eyni zamanda, təxminən 4 saatlıq ekran işini darıxdırıcı olmaqda günahlandırıb.
Rejissor Aleks Gibney isə bildirib ki, sənədli film üzərində işləməyə başlayarkən Maskla müsahibə almağa çalışıb, lakin milyarder bu təklifi qəbul etməyib. Buna görə filmdə Maskın əvvəllər verdiyi açıqlamalar əsasında onun süni intellektlə hazırlanmış avatarından istifadə olunub. Filmdə Maskın keçmiş həyat yoldaşı Castin Mask, atası Errol Mask, “Tesla”nın həmtəsisçisi Martin Eberhard və digər şəxslərlə yanaşı, onun keçmiş partnyoru Eşli Sent-Kler də müsahibə verib. Sent-Kler Venesiyada keçirilən təqdimat zamanı Maskın övladının dünyaya gəlməsindən sonra ona 40 milyon dollarlıq məxfilik müqaviləsi təklif edildiyini iddia edib. Mask isə bu iddianı rədd edərək belə bir təklifin heç vaxt olmadığını bildirib.
Firuzə Əliyeva






