"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb.
Sfera.az xəbər verir ki, aktyor “Первый чек” yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:
“Maddi çətinliklər çəkməmişəm, işləməyi sevirəm. Heç vaxt böyük pulların sahibi olmaq iddiam olmayıb. Azərbaycanda kitablardan pul qazanmaq olmur. Bunu deməyə utansam da, gerçəkdir. Qazanmaq olar, amma bununla dolanmaq, çörək pulunu çıxarmaq çətindir.
Mən biznes sinifdə uça, bahalı maşınla gəzə bilmərəm. Bu, mənə heç lazım da deyil. İndi kiçik istəklərim, məsuliyyətim var. Bu istək də mənim uşaqlarımla, ailəmlə, qohumlarımla və nəslimlə bağlıdır. Şükür, bunu çatdırıram, Allah yardım edir”.
B.Bağırzadə məsuliyyətin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, valideynlərinin vəfatından illər keçsə də, onları hələ də yanında hiss etdiyini söyləyib:
“Məsuliyyətli insanam. İnsan olmaq məsuliyyətli olmaqdır. Mənim məsuliyyətlərim var. 18 ildir atam, 5 ildir anam yoxdur. Amma hələ də onları yanımda hiss edirəm. Danışanda sözlərimə fikir verirəm. Nəsə xoş olmayan desəm, onlara təsir edər.
Çətindir, rahat yaşamağa mane olur, amma nə edək? Bu, mənim xasiyyətimdir, dəyişə bilmərəm”. \\axsam.az






