“Heç bir süni intellekt onun səsini əvəz edə bilməz”

“Heç bir süni intellekt onun səsini əvəz edə bilməz”
Kateqoriya məlum deyil
T

Əməkdar artist Sevda Ələkbərzadə son zamanlar süni intellektlə hazırlanan mahnıların geniş yayılmasından gileylənib.

Sfera.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur. Bezdim, vallah…” – deyə Sevda bildirib.

Müğənninin bu fikirlərinə Mətbuat Şurasının sədri, yazıçı-publisist Rəşad Məcid də münasibət bildirib. O, Sevdanın sənətkarlığını və özünəməxsus səsini önə çəkərək, süni intellektin onu əvəz edə bilməyəcəyini vurğulayıb.

“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi?

Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.

Əminəm ki, heç bir süni intellekt onun füsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür.

Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünsün. Amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır: süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?” – deyə R.Məcid qeyd edib.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR