“Manifest” qrupu ilə bağlı qərar: Hüquqları məşhur repçi aldı

“Manifest” qrupunda son günlər yaşanan hadisələr gündəmdən düşmür. Qrupun qurucusu və meneceri Tolqa Akışın həbsindən sonra “Manifest”in gələcəyi ilə bağlı suallar yaranıb. İzmir konsertində yaşanan emosional anlar isə qrupun dağıla biləcəyi ilə bağlı iddialara səbəb olub.
Sfera.az xəbər verir ki, bütün bu müzakirələr davam edərkən məşhur repçi Tepkidən diqqətçəkən açıqlama gəlib.
Repçi “Manifest” qrupunun hüquqlarını satın aldığını açıqlayıb və bu qərarının səbəbini də izah edib.
Tepki bildirib ki, bu addımı qrupun qurucusu və meneceri Tolqa Akışa görə atıb. Onun sözlərinə görə, məqsədi hüquqların başqa şəxslərin əlinə keçməsinin qarşısını almaqdır.
“Tolqanı sevdiyim üçün Manifestin hüquqlarını aldım. Tolqa geri qayıdan kimi ona təhvil verəcəyəm”.
Qeyd edək ki, qrupun qurucusu, meneceri və prodüseri Tolqa Akış İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılıb.
Akış barəsində “əxlaqsızlıq”, “narkotik maddədən istifadə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə araşdırma aparılıb. Prokurorluqda ifadə verdikdən sonra “əxlaqsız yayımların dərcinə vasitəçilik etmək” ittihamı ilə həbs olunması tələb edilən Akış avqustun 28-də hakim qərarı ilə həbs edilib. Həmçinin, Tolqa Akışın həbsindən sonra “Manifest”in dağılacağı ilə bağlı iddialar yayılmışdı. Lakin qrupun fəaliyyətini dayandıracağı barədə rəsmi açıqlama verilməyib.
İradə Elsevər






