Ozan Güvəndən illər sonra “Aşk-ı Memnu” etirafı

Türkiyənin tanınmış aktyoru Ozan Güven qatıldığı televiziya proqramında illər əvvəl böyük maraqla izlənilən “Aşk-ı Memnu” serialı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Aktyor bildirib ki, Kıvanç Tatlıtuğdan əvvəl Behlül obrazı məhz ona təklif olunub.
Sfera.az xəbər verir ki, Halid Ziya Uşaklıgilin eyniadlı romanı əsasında ekranlaşdırılan və Türk televiziya tarixinin ən uğurlu seriallarından biri hesab edilən “Aşk-ı Memnu” illər keçsə də gündəmdə qalmaqda davam edir.
Ozan Güven proqramda çıxışı zamanı Behlül rolunu şüurlu şəkildə qəbul etmədiyini deyib. Onun sözlərinə görə, həmin dövrdə ard-arda varlı və nüfuzlu obrazları canlandırdığı üçün eyni tipli daha bir personajı oynamaq istəməyib.

“Behlül obrazı ilk olaraq mənə təklif olunub. O vaxt ardıcıl olaraq imkanlı insanları canlandırırdım. Yenidən eyni tip xarakteri oynamaq istəmədiyim üçün təklifi qəbul etmədim. Seçimimi “Canım Ailem” serialından yana etdim. Mən imtina etdikdən sonra rol Kıvanç Tatlıtuğa verildi. Sonradan isə Behlül televiziya tarixinin ən yaddaqalan obrazlarından birinə çevrildi”, – deyə aktyor bildirib.
Ozan Güven qərarının yalnız fərqli obrazları canlandırmaq istəyi ilə bağlı olduğunu vurğulayaraq əlavə edib:
“Bunu hansısa iddia ilə demirəm. Sadəcə, yenə varlı bir obrazı oynamaq istəmədim. Fərqli sosial təbəqədən olan bir personajı canlandırmaq istəyi məni “Canım Ailem” serialına yönəltdi”.
Qeyd edək ki, Kıvanç Tatlıtuğun canlandırdığı Behlül obrazı yayımlandığı dövrdə böyük maraq doğurub və Türk televiziya tarixinin ən məşhur personajlarından biri kimi yadda qalıb. Ozan Güvənin illər sonra etdiyi bu etiraf isə sosial şəbəkələrdə yenidən geniş müzakirələrə səbəb olub.
Mənsumə






