Məşhur aktrisa yenidən əməliyyat olunacaq

Türkiyəli məşhur aktrisa Aslı Bekiroğlu uzun müddətdir davam edən sağlamlıq problemləri səbəbindən yenidən əməliyyat masasına uzanacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, aktrisa xəstəxana otağından paylaşdığı fotoya "Son olsun, inşallah" qeydini yazaraq növbəti cərrahi əməliyyata hazırlaşdığını izləyiciləri ilə bölüşüb.
Bekiroğlunun sağlamlıq problemləri iki il əvvəl uşaqlığındakı miomanın götürülməsi üçün keçirilən əməliyyat zamanı baş verən ağır fəsaddan sonra başlayıb. Həmin əməliyyat zamanı onun bağırsağının təxminən 7 santimetri zədələnib və nəticədə aktrisa ard-arda bir neçə ağır əməliyyat keçirmək məcburiyyətində qalıb.
Aktrisa daha əvvəl qatıldığı televiziya proqramında bildirib ki, ilk əməliyyatdan sonra bağırsaqdakı zədənin aradan qaldırılması üçün yenidən əməliyyat olunub. Daha sonra yaranan sızma səbəbindən aylarla davam edən müalicə prosesi keçib.
30 yaşlı sənətçi aprel ayında yeddinci dəfə əməliyyat masasına uzandığını açıqlamış və bu müddətdə iki dəfə ölüm təhlükəsi ilə üz-üzə qaldığını demişdi.
"İki il ərzində çox ağır günlər yaşadım. Hər biri 8-9 saat davam edən iki böyük əməliyyat keçirdim. Həkimlər mənə iki dəfə ölümdən döndüyümü dedilər. Altı əməliyyat oldum, çox yıprandım. Bir əməliyyatım da qalıb", – deyə aktrisa bildirib.
Aslı Bekiroğlu yaşadığı ağır sınaqların həyata baxışını tamamilə dəyişdiyini də etiraf edib. Onun sözlərinə görə, bu proses onu mənəvi cəhətdən gücləndirib:
"Hər şeyin bir anda insanın əlindən çıxa biləcəyini gördüm. Xarici görünüşün və sosial mediadakı populyarlığın nə qədər keçici olduğunu anladım. Bu yaşadıqlarım məni Allaha daha da yaxınlaşdırdı."/musavat






