“Blok3” sui-qəsdinin təfərrüatları üzə çıxdı

“Blok3” sui-qəsdinin təfərrüatları üzə çıxdı
Kateqoriya məlum deyil
T

Türkiyədə “Blok3” səhnə adı ilə tanınan məşhur rep ifaçısı Hakan Aydına qarşı hazırlanan iddia edilən sui-qəsd planı ilə bağlı aparılan istintaqın yeni təfərrüatları məlum olub.

Sfera.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun həyata keçirdiyi mütəşəkkil cinayətkarlıq istintaqı çərçivəsində “Emniyetten Blok155 Operasyonu” adı verilən əməliyyat nəticəsində sənətçiyə hücum hazırlığında olduqları iddia edilən şübhəlilər saxlanılıb. Araşdırmaya əsasən, Beşiktaşda avtomobilin yandırılması və Beylikdüzündə iş yerinin güllələnməsi hadisələrini araşdıran İstanbul Polis İdarəsinin Asayiş Şöbəsinin Quldurluqla Mübarizə Bürosu əvvəlcə hadisəni törətdiyi müəyyən edilən F.K.-nı, daha sonra isə onunla əlaqəli daha 6 nəfəri müəyyən edib. İstintaq çərçivəsində ictimaiyyətdə “Şapkalılar” kimi tanınan mütəşəkkil cinayət dəstəsinə qarşı əməliyyat başladılıb.

Polis əməkdaşlarının texniki və fiziki müşahidəsi zamanı bəzi şübhəlilərin repçi Hakan Aydına qarşı hücum planlaşdırdığı iddia olunub. İstintaq materiallarında hücum zamanı istifadə edilməsi nəzərdə tutulan silah və maliyyə dəstəyinin cinayətkar qrupla əlaqəli şəxslər tərəfindən təmin edildiyi bildirilib. Məlumata görə, şübhəlilər xarici qeydiyyatlı GSM nömrələrindən istifadə edib, “Signal” tətbiqində yaratdıqları qapalı qrup vasitəsilə əlaqə saxlayıblar. İddialara əsasən, həmin qrupda hücumla bağlı göstərişlər, eləcə də sənətçinin olduğu məkanların koordinatları paylaşılıb. Bildirilib ki, şübhəlilər İstanbuldan kirayəyə götürdükləri avtomobillərlə Muğlaya yollanıblar.

21 iyul 2026-cı il tarixində Muğla ərazisində polisin “dayan” əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərən şəxslər qısa təqibdən sonra saxlanılıblar. Şübhəlilərin mobil telefonlarına baxış zamanı “Blok” adlı qapalı yazışma qrupu aşkar edilib. Qrupda Hakan Aydının qaldığı otellərin ünvanları, istifadə etdiyi avtomobillərin görüntüləri və digər məlumatların yer aldığı müəyyən edilib. Bundan başqa, şübhəlilərin öz aralarında “Türkiyədə böyük səs-küy yaradacaq bir iş olacaq” məzmunlu yazışmalar apardıqları da üzə çıxıb. Hadisə ilə bağlı saxlanılan 7 nəfər polis bölməsində ifadələri alındıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərildikləri bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR