“Sihirli Annem”in ulduzu evlənir

Bir dövrün sevilən uşaq serialı “Sihirli Annem”də canlandırdığı “Toprak” obrazı ilə tanınan Cennifer Boyner şəxsi həyatı ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, 25 yaşlı aktrisa bir müddətdir sevgili olduğu müğənni Can Alaosmandan evlilik təklifi alıb.
Can Alaosman sevdiyi qadına gözlənilməz anda evlilik təklif edib. Cennifer Boyner isə bu təklifə “Bəli” cavabını verərək sevincini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Aktrisa həmin anların görüntülərini “I said yes” qeydi ilə paylaşıb.
Paylaşım qısa zamanda çoxsaylı təbrik mesajları toplayıb. Boynerin “Sihirli Annem” serialındakı həmkarları Gizem Güven və Zeynep Özkaya da onu təbrik edənlər arasında yer alıb. Gizem Güven “Təbrik edirəm, çox gözəlsiniz” sözlərini yazıb, Zeynep Özkaya isə təəccübünü “Nə?” ifadəsi ilə bölüşüb.
Qeyd edək ki, cütlük bir neçə ay əvvəl birlikdə “Sanki Arsızdık” adlı mahnını da təqdim edib. Onlar daha əvvəl verdikləri müsahibədə tanışlıq hekayələrindən də danışıblar.
Cennifer Boyner bildirib ki, onlar ilk dəfə İstanbulda bir çəkiliş meydançasında tanış olsalar da, həmin vaxt əlaqə saxlamayıblar. Daha sonra “Sihirli Annem” filminin çəkilişləri zamanı yenidən qarşılaşıblar. Aktrisanın sözlərinə görə, tanışlıqlarından 2-3 ay sonra bir-birlərini yaxından tanımağa başlayıblar və o gündən etibarən Can onun ən yaxın dostu və sirdaşı olub.
Can Alaosman isə müxtəlif layihələrdə dəfələrlə yollarının kəsişdiyini, son birgə işlərindən təxminən iki ay sonra münasibətlərinin yaxınlaşdığını deyib. Müğənni bildirib ki, eyni maraqları bölüşmələri və birlikdə xoş vaxt keçirmələri onların dostluğunu sevgiyə çevirib.
Bəsti Rəfizadə






