Bu ölkə ilk dəfə "Avroviziya"ya qatılacaq

Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) və Kanadanın ictimai yayımçısı "CBC/Radio-Canada" birgə açıqlama yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə müsabiqəyə qoşulan Avstraliyadan sonra "Avroviziya" ailəsinə daxil olan ilk yeni ölkədir. Ölkə 2027-ci ildə Bolqarıstanda keçiriləcək yarışmaya yarımfinal mərhələsindən qatılacaq. Kanadanı təmsil edəcək ifaçının necə seçiləcəyi ilə bağlı ətraflı məlumatın bu ilin sonuna qədər açıqlanacağı qeyd olunub.
"CBC/Radio-Canada"nın prezidenti və baş icraçı direktoru Mari-Filip Buşar bildirib ki, "Avroviziya"da iştirak Kanadanın musiqi istedadlarını dünyanın ən nüfuzlu səhnələrindən birində tanıtmaq üçün böyük fürsətdir.
Avropa Yayım Birliyinin "Avroviziya" müsabiqəsinin direktoru Martin Qrin isə Kanadanın müsabiqəyə qoşulmasını məmnunluqla qarşıladıqlarını deyib. O vurğulayıb ki, Kanadanın "Avroviziya" ilə uzun illərə söykənən əlaqələri var və 1988-ci ilin qalibi olan kanadalı müğənni Selin Dion da bu müsabiqənin tarixində xüsusi yer tutur.
Qeyd edək ki, Kanada ötən həftə Avropa Yayım Birliyinin tamhüquqlu üzvünə çevrilib. Bu status ölkəyə 2027-ci ildən etibarən "Avroviziya" mahnı müsabiqəsində iştirak etmək hüququ qazandırıb.\\axsam.az
