DTX-nin saxladığı Emin Rəhimov və Elmar Cəfərovla bağlı həbs qərarı verildi
Bakıda kütləvi dava zamanı "Sabunçu Ceyhunu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.
Sfera.az xəbər verir ki, saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğludur.
Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir./unikal






