Məhkumların hüquqları - Qanunvericilik nə deyir?

Məhkumların hüquqları - Qanunvericilik nə deyir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

 

Məhkumların hüquqları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulur. Məcəllənin 10-cu maddəsinə görə cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.


Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:


- cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

- ictimai faydalı əməklə məşğul olmaq;

- bədən tərbiyəsi və idmanla məşğul olmaq;

- istirahət etmək;

- pensiya və ya sosial müavinət almaq;

- ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

- öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

- hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

- cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;

- dini ayinlərin icra edilməsində iştirak etmək;

- hüquqi yardım almaq;

- “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

- təhsil almaq və peşə hazırlığı keçmək;

- əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

- cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.

 

Məhkumlar qohumları, vəkilləri və digər şəxslərlə görüşü hansı qaydada həyata keçirilir?


Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 81.-ci maddəsinə görə, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.

 

Qeyd edək ki, qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir.

 

Məhkumlara verilən uzunmüddətli görüşlərə gəlincə, belə görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.
Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.

 

Görüşlərin sayı və növləri sözügedən məcəllə ilə müəyyən edilir.


Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.

 

Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.

 

Məhkumlarla vəkillərin görüşlərinin sayı və müddəti məhdudlaşdırıla bilməz və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər cəzaların icra qanunvericiliyi ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir.

 

Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.

 

Məhkumların bağlama, sovqat və banderol alması necə tənzimlənir?


Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 82-ci maddəsində təsbit edilmişdir ki, cəzaçəkmə müəssisələrində məhkumlar adı çəkilən Məcəllə ilə müəyyən edilmiş sayda bağlama, sovqat və ya banderol alırlar. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir.

 

Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır.

 

Ağır xəstə, hamilə və uşaq evlərində uşaqları olan qadın məhkumların, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumların bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur.

 

Tibbi rəyə əsasən məhkumların aldığı dərman preparatları və tibbi məmulatlar həmin Məcəllə ilə müəyyən olunmuş bağlama, sovqat və ya banderolların sayına daxil edilmir. Belə dərman preparatları və tibbi məmulatlar cəzaçəkmə müəssisələrinin tibb-sanitar hissəsinə məhkumların müalicəsi üçün verilir.

 

Hər bir halda bağlama, sovqat və banderollara müdiriyyət tərəfindən baxış keçirilir.

 

Məhkumların bağlama, sovqat və ya banderol alması və onlara baxış keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. 

 

Cəzaçəkmə müəssisəsinin müdiriyyətinin razılığı ilə məhkumlar yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər.

 

Məhkumlar bir-biri ilə yazışa, bir-birlərindən pul baratlarının ala və göndərə bilərlərmi?

 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 83-cü maddəsində bildirilir ki, həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulan hallardan başqa məhkumlara məhdudiyyətsiz sayda məktub, teleqram almağa və göndərməyə icazə verilir. Məhkumlar məktub və teleqramları öz hesablarına göndərirlər.

 

Məcəllənin 83.3-cü maddəsinə isə qeyd olunur ki, cəzaçəkmə müəssisələrində saxlanılan və qohum olmayan məhkumlar arasında yazışmalara cəzaçəkmə müəssisəsi müdiriyyətinin razılığı ilə icazə verilir.

 

Qeyd edək ki, məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alınan və göndərilən yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilə bilər. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir.

 

Məhkumların adına gəlmiş məktubların verilməsi, habelə ünvan sahiblərinə məhkumların məktublarının göndərilməsi məktubun gəldiyi və ya məhkum tərəfindən verildiyi gündən ən geci üç gün müddətində cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən təxirə salınmadan verilir.

 

Məhkumlar məhdudiyyətsiz pul baratları almaq, həmçinin şəxsi hesablarından yaxın qohumlarına pul baratları göndərmək hüququna malikdirlər. Başqa şəxslərə məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə pul baratları göndərə bilərlər.

 

Məhkumlar telefon danışıqları və videogörüşlır keçirə bilərlərmi?


Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 54-cü maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilir.

 

Məhkumun xahişi ilə onun yeni cəzaçəkmə müəssisəsinə gəlməsi ilə əlaqədar, həmçinin müstəsna hallarda ona cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən əlavə telefon danışığına və ya videogörüşə icazə verilə bilər.

 

Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına və ya videogörüşlərinə yalnız müstəsna hallarda icazə verilə bilər.

 

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla telefon danışıqlarına və ya videogörüşlərə icazə verilmir.
Söhbət açdığımız məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

 

Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına və videogörüşlərinə nəzarət edilir.

 

Məhkumların gəzintisi ilə bağlı qaydalar vardırmı?


 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 85-ci maddəsinə əsasən açıq havada işləməyən, bağlı otaq və ya kamerada saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə hər gün gəzinti hüququna malikdirlər.

 

Məhkumların gəzintisi gündüz vaxtı, cəzaçəkmə müəssisəsi ərazisinin xüsusi təchiz olunmuş hissəsində hər bağlı otaq və ya kamera üçün ayrılıqda keçirilir. Gəzinti zamanı müvafiq qaydalar məhkum tərəfindən pozulduqda gəzinti vaxtından əvvəl dayandırıla bilər.

 

Məhkumların ədəbiyyat və yazı ləvazimat əldə etməsi və saxlamasına icazə verilirmi?
 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 86-cı maddəsində müəyyən olunmuşdur ki, məhkumlara bağlama, sovqat və ya banderol ilə, habelə şəxsi hesablarında olan vəsait hesabına məhdudiyyət qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa, qəzet və jurnallara abunə yazılmağa icazə verilir.
Əldə olunmuş ədəbiyyat həmin məcəllə ilə müəyyən edilmiş bağlama və banderolların sayına daxil edilmir. Məhkumlara on cildədək kitab (jurnal) saxlamağa icazə verilir.

 

Məhkumların müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrləri əldə etməsi, saxlaması, onlara abunə yazılması və onları yayması qadağandır.

 

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas

 

 


OXŞAR XƏBƏRLƏR