“Bravo”ya silahlı hücum edənlərə hökm oxundu


“Bravo”ya silahlı hücum edənlərə hökm oxundu

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətovun vəkili müdafiə çıxış edib.

 

O, Dəyanət Qüdrətovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən İbrahim İbrahimovun vəkili deyib ki, müvəkkili cinayətdən xəbərsiz olub. O bildirib ki, İbrahim İbrahimovun münasibəti Ruhlan İsmayılovla olub: "Amma o, cinayətin iştirakçısı olmayıb. Ona qarşı təzyiq altında əldə olunan sübutlarla ittiham verilib".

 

Azər Məmmədovun vəkili Pərviz Məmmədov bildirib ki, müvəkkilinə verilən ittihamlar sübuta yetirilməyib. O deyib ki, bütün maddələr üzrə ittihamları qəbul etmirlər. Rövşən İsmayılovun vəkili deyib ki, müvəkkili mərhum Ruhlan İsmayılovun atasıdır: "Rövşən İsmayılov təqsirləndirilən şəxslərin heç birini tanımayıb. Yalnız mərhum Ruhlanı tanıyıb, o da onun atası olub. Burda mütəşəkkil dəstə tərkibində ittiham verilməsi düzgün deyil. Törədilən cinayətin Rövşən İsmayılova adiyyatı yoxdur. Həmin maddələr üzrə o, təqsirləndirilən bilməz". Babək İsgəndərovun vəkili də onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar günahsız olduqlarını, barələrində ədalətli hökm çıxarılmasını istəyiblər. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

 

Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.

 

Digər təqsirləndirilən şəxslər Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan mərhum ediliblər. Zamində olan Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 11 ay 28 gün azadlıqdan mərhum ediliblər. Onların hər ikisi məhkəmə zalından həbs ediliblər.

 

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Dəyanət Qüdrətovun ömürlük azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxslər Azər Məmmədovun 20 il, Səbuhi Qurbanovun 20 il, İbrahim İbrahimovun 20 il, Rövşən İsmayılovun 7 il, Babək İsgəndərov 6 il azadlıqdan mərhum edilməsini tələb edib.

 

Rövşən İsmayılov və Babək İsgəndərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilməsi, onların məhkəmə zalından həbs olunması istənilib. İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

 

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub. Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.


OXŞAR XƏBƏRLƏR