Avropadakı etirazlar Azərbaycana təsir edəcək - PROQNOZ
Son günlər Avropa ölkələrində kütləvi etiraz dalğası müzakirə olunur.
Belə ki, İtaliyanın cənubunda yük maşını sürücülərinin yanacağın bahalaşmasına və yaşayış xərclərinə etiraz olaraq keçirdikləri aksiyalar ərzaq istehsalı və daşınmasında problemlərə səbəb olub. Yol və logistika məhdudiyyətləri nəticəsində bəzi makaron istehsalçıları xammal çatışmazlığı ilə üzləşib, mağazalara ərzaq tədarükündə fasilələr yaranıb.
Fransada isə etirazlar fonunda maliyyə bazarlarında da dalğalanmalar müşahidə olunub. Oktyabrın 19-da Avropa fond bazarlarında eniş qeydə alınıb, investorların siyasi və iqtisadi qeyri-müəyyənliklə bağlı narahatlıqları artıb.
Beləliklə, etirazların iqtisadi nəticələri yalnız aksiyaların keçirildiyi ölkələrlə məhdudlaşmaya, istehsal, nəqliyyat, ərzaq qiymətləri və investorların qərarları vasitəsilə daha geniş iqtisadi təsirlər yarada bilər. Hətta Avropada etirazlar avronu da ucuzlaşdırıb.
Bəs Avropada etirazların genişlənməsi regionun iqtisadi inkişafına necə təsir göstərəcək? Bu proses Azərbaycana da təsir edə bilərmi?
Bu barədə iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, burada əsas məsələ etirazların özündən daha çox, onların nə qədər davam etməsi və iqtisadiyyatın hansı sahələrini əhatə etməsidir:

“Qısamüddətli aksiyalar adətən müvəqqəti tədarük problemləri yaradır. Ancaq etirazlar uzanarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Xüsusilə Avropa İttifaqı kimi iqtisadi inteqrasiyanın yüksək olduğu məkanda bir ölkədə yaranan logistika problemi digər ölkələrdə də istehsal və tədarük proseslərinə təsir göstərə bilər. Bir müddətdir davam edən etirazlar artıq geniş iqtisadi təsirlərini göstərməyə başlayıb. Avropa fond bazarlarında geriləmə müşahidə olunur. Avronun ABŞ dollarına qarşı məzənnəsi də düşməyə başlayıb. Burada vacib məqam ondan ibarətdir ki, maliyyə bazarları təkcə mövcud iqtisadi göstəricilərə deyil, gələcək risklərə dair gözləntilərə də reaksiya verir. Bu səbəbdən fond bazarlarındakı geriləmə həm də onu göstərir ki, investorlar müsbət iqtisadi perspektivlər görmürlər”.
Ekspertin sözlərinə görə , Avropada baş verənlərin Azərbaycana da təsiri istisna olunmur:
“Bildiyimiz kimi, Avropa ölkələri, xüsusən də İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında yer alır. Açıqlanan son məlumata görə, Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 55%-ə, idxalda isə 16%-ə bərabərdir. Azərbaycanın ümumi ixracının dörddə biri təkcə İtaliyanın payına düşür. Bu səbəbdən Avropa İttifaqı ölkələrində baş verən iqtisadi geriləmə Azərbaycana da təsir edəcəkdir. Eyni zamanda, avronun dəyərdən düşməsi də Azərbaycana birbaşa təsir edir. Hazırda Dövlət Neft Fondunun investisiya portfelinin 11 milyard avroluq hissəsi avrodan ibarətdir. Bu da ümumi investisiya portfelinin 17%-ni təşkil edir. Bu səbəbdən avronun məzənnəsində qeydə alınan ən kiçik dəyişiklik Neft Fondunun investisiya portfelinə də təsir edir. Aksiyaların Azərbaycana ən ciddi təsiri isə odur ki, SOCAR-ın İtaliyada böyük yatırımları var. Bildiyimiz kimi, SOCAR İtaliyanın ən böyük enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətini satın alıb. Hazırda SOCAR-ın İtaliyada illik təxminən 10 milyon ton emal gücünə sahib olan iki neft emalı zavodu və 4 600-dən çox yanacaqdoldurma məntəqəsi var. Etirazlar İtaliyada yanacaq satışlarının azalmasına, logistika xərclərinin yüksəlməsinə və ya istehlakçıların alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olarsa, bu, SOCAR-ın İtaliyadakı gəlirlərinə də təsir göstərə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






