Pensiya kapitalından 5 faiz kəsilir? – Yeni dəyişiklik gündəmdə
““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliyə əsasən, məcburi dövlət sosial sığorta haqlarının fərdi pensiya hesablarında qeydə alınan hissəsinin 90 faizdən 85 faizə endirilməsi vətəndaşların gələcək pensiya təminatına təsir göstərə bilər”.
Sfera.az bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabirin (Abdullayeva) konkret.az-a açıqlamasın da səsləndirib.
“Bu dəyişiklik sosial sığorta ehtiyatının artırılması və pensiya ödənişlərinin dayanıqlı maliyyələşdirilməsi istiqamətində nəzərdə tutulan islahat tədbirlərindən biri kimi qiymətləndirilir.
Hazırkı 90 faizlik qaydaya əsasən, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Təklif olunan 85 faizlik qayda tətbiq edilərsə, fərdi hesabda qeydə alınan pay da müvafiq olaraq azalacaq. Həmin hesabda toplanan pensiya kapitalı əmək pensiyasının sığorta hissəsinin hesablanmasında istifadə olunur.
Məsələn, bir vətəndaşın adına il ərzində 1 000 manat məcburi dövlət sosial sığorta haqqı ödənildiyini fərz etsək, mövcud qaydaya əsasən, həmin məbləğin 900 manatı, yeni qayda tətbiq olunacağı təqdirdə isə 850 manatı fərdi hesabda qeydə alınacaq. Beləliklə, fərdi hesaba yazılan məbləğdə 50 manat fərq yaranacaq”.
Rəsmiyyə Abdullayeva qeyd edib ki, yeni qaydanın tətbiqi gələcəkdə pensiyaya çıxacaq şəxslərin pensiyasının sığorta hissəsinin əvvəlki qayda ilə müqayisədə daha aşağı olmasına səbəb ola bilər. Çünki pensiyanın sığorta hissəsinin məbləği fərdi hesabda toplanmış pensiya kapitalı əsasında müəyyən edilir.
“Dəyişiklik uzunmüddətli perspektivdə pensiya kapitalının formalaşmasına təsir göstərə bilər. Eyni məbləğdə sosial sığorta haqqı ödəyən şəxslər üçün fərdi hesaba daha az vəsaitin yönəldilməsi illər ərzində toplanan kapitalın azalması ilə nəticələnər.
Bununla belə, professor vurğulayıb ki, gələcək pensiya kapitalının daha az formalaşması ilə artıq pensiya alan vətəndaşların pensiyalarının avtomatik azaldılması eyni məsələ deyil. Dəyişikliyin faktiki təsiri onun qüvvəyə minmə tarixindən, əvvəlki dövrlərdə formalaşmış pensiya kapitalına münasibətdən və müvafiq qanunvericilik normalarının tətbiq mexanizmindən asılı olacaq.






