Neft Fondunun ehtiyatlarında cüzi dəyişiklik: Artımı ləngidən nədir?
Dövlət Neft Fondu (Fond) ehtiyatlardakı dəyişikliklərlə bağlı son statistik məlumatları açıqlayıb.
Sfera.az xəbər verir ki, açıqlanan məlumatlara əsasən, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində Fondun ehtiyatlarının həcmi cəmi 463 milyon dollar və ya 0,63 faiz artıb. İlin əvvəlində 73,541 milyard dollar olan ehtiyatların həcmi 9 ayın sonunda 74 milyard dollara çatıb.
Bəs neftin və qazın qiymətinin yüksək olmasına baxmayaraq ehtiyatların cüzi artmasının səbəbi nədir?
Ehtiyatlardakı artımın kiçik olmasının səbəbi qızılın dəyərində son aylarda baş verən enmə və Fondun qızıl ehtiyatının miqdarının azalmasıdır.
Fond 2025-ci ilin sonunda 200 ton qızıla sahib idi. Mövcud qaydalara əsasən, Fondun ehtiyatlarının maksimum 35 faizi qızılda saxlanılmalıdır. 2025-ci ilin sonunda qızılda olan ehtiyatlar cəmi ehtiyatların 38,2 faizini təşkil edirdi. Buna görə də 2026-cı ilin əvvəllərində Fond 21,9 ton qızılını satdı.
Ehtiyatlarda qızılın payının belə çox olması həm də qızılın dəyərinin yüksəlməsi ilə bağlıdır. 2025-ci ilin sonunda qızılın bir troya unsiyasının (31,1 qram) dəyəri 4500 dollara yaxın idi və qızılda olan ehtiyatların dəyəri 28 milyard dolları ötürdü.
Amma hazırda qiymət 4100–4150 dollar aralığındadır və qızılda olan ehtiyatların dəyəri 24 milyard dollardan bir qədər azdır.
Göründüyü kimi, qızılın miqdarının və dəyərinin azalması Fondun ehtiyatlarının məbləğinin daha çox artmasının qarşısını alıb. Əgər Fond 200 ton olan ehtiyatlarını saxlasaydı, qızılda olan ehtiyatların dəyəri 27 milyard dollar olacaqdı. Bu halda Fondun ümumi ehtiyatlarının dəyəri 460 milyon dollar yox, 3,5 milyard dollara yaxın artacaqdı.
Qızılın miqdarının və dəyərinin azalmasından sonra Fondun ehtiyatlarında qızılın payı 33 faizə enib.
Vasif






