Kənd yumurtası bahalaşır - Səbəb nədir?

Kənd yumurtası bahalaşır - Səbəb nədir?
Kateqoriya məlum deyil
T

Kənd yumurtasının bir ədədinin qiymətinin 45 qəpiyə yüksəlməsi alıcıların bu məhsula marağını yenidən gündəmə gətirib. Əvvəllər bəzi yerlərdə satılan kənd yumurtasına hazırda əksər kənd təsərrüfatı məhsulları satışı yerlərində rast gəlinir.

Bəs kənd yumurtasına tələbin yüksək olmasının səbəbi nədir?

Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, kənd yumurtasına tələbin yüksək olmasının əsas səbəbi istehlakçılar arasında onun daha təbii, faydalı və keyfiyyətli məhsul olması barədə fikrin geniş yayılmasıdır.

Onun sözlərinə görə, bir çox insan kənd toyuqlarının sərbəst şəraitdə saxlanıldığına, təbii yemlə qidalandığına və onların yumurtalarının daha zəngin qida dəyərinə malik olduğuna inanır:

“Yumurtanın sarısının daha tünd rəngdə olması da istehlakçılarda onun daha keyfiyyətli olması təəssüratı yaradır. Lakin yumurtanın kənd və ya broyler təsərrüfatından əldə edilməsi onun keyfiyyətini və qida dəyərini avtomatik müəyyən etmir. Broyler yumurtasını keyfiyyətsiz məhsul hesab etmək düzgün deyil. Çünki o da zülal, yağ, vitamin və minerallar baxımından dəyərli qida məhsuludur. Hər iki yumurtanın tərkibindəki fərqlər əsasən toyuqların yem rasionundan, saxlanma şəraitindən, cinsindən və digər amillərdən asılıdır”.

Ekspert yumurta sarısının rənginin də keyfiyyət barədə hər zaman dəqiq göstərici olmadığını vurğulayıb. Ekspertin fikrincə, sarının tünd rəngdə olması əsasən toyuğun yemindəki piqmentlərlə əlaqədardır və bu, yumurtanın mütləq daha faydalı olduğunu göstərmir:

“Kənd yumurtasının daha təbii hesab edilməsi onun hər zaman təhlükəsiz olması demək deyil. Toyuqların sağlamlığına nəzarət edilmədikdə, yumurtalar düzgün toplanmadıqda və saxlanmadıqda mikrobioloji çirklənmə riski yarana bilər”.

Kənd yumurtasının qiymət artımı məsələsinə toxunan ekspert deyib ki, bahalaşmanı yalnız tələbin yüksəlməsi ilə əlaqələndirmək düzgün olmaz. Onun fikrincə, istehsal həcmi, mövsümi amillər, yem xərcləri, daşınma və satış xərcləri də qiymətə təsir göstərə bilər.

Ekspert istehlakçılara yumurta alarkən yalnız onun kənd və ya broyler yumurtası olmasına deyil, təzəliyinə, qabığının bütövlüyünə, istehsal və saxlanma şəraitinə, eləcə də mənşəyinin etibarlılığına diqqət yetirməyi tövsiyə edib:

“Əsas məsələ yumurtanın harada istehsal olunması deyil, hansı şəraitdə yetişdirilməsi, əldə edilməsi və istehlakçıya çatdırılmasıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR