"Bu məhsullarda qiymət təzyiqi hiss oluna bilər"

"Bu məhsullarda qiymət təzyiqi hiss oluna bilər"
Kateqoriya məlum deyil
T

Fars körfəzindən neft tədarükünün azalması qlobal bazarda dizel çatışmazlığı riskini artırır.

Dizel qiymətlərinin yüksəlməsi isə yükdaşımalarından kənd təsərrüfatına qədər bir çox sahədə xərclərin artmasına və ərzaq qiymətlərinə təzyiqin güclənməsinə səbəb ola bilər.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Fars körfəzindən neft tədarükünün azalmasının məhz dizel bazarında böhran yaratması təsadüfi deyil.

“Ümumiyyətlə qlobal iqtisadiyyatda baş verən hadisələrin təsiri təsadüfi hadisələr və qərarların nəticələrindən yaranmır. Burada əsas məsələ neftin ümumi həcminin azalmasından daha çox, emal gücləri, məhsul strukturu və təchizat zəncirində yaranan disbalansdan qaynaqlıdır. Xam neftin mövcudluğu avtomatik olaraq dizel təklifinin kifayət qədər olacağı demək deyil. Dizel istehsalının artırılması müəyyən texnoloji və iqtisadi məhdudiyyətlərlə bağlıdır. Benzin bazarında isə ehtiyatların, istehsal strukturunun və alternativ təchizat kanallarının fərqli olması səbəbindən eyni səviyyədə çatışmazlıq yaranmaya bilər”.


O qeyd edib ki, dizel yükdaşımalarının kənd təsərrüfatının və bir sıra sənaye sahələrinin əsas enerji mənbələrindən biridir:


“Yanacağın bahalaşması logistika şirkətlərinin əməliyyat xərclərini artırır, bu da birbada daşınma tariflərinə və nəticədə də məhsulların maya dəyərinə təsirsiz ötüşmür. Başqa sözlə desək, enerji bazarında yaranan problem tədricən real iqtisadiyyatın xərc probleminə çevrilir”.


Ekspert bildirib ki, ərzaq bazarında da oxşar mexanizm işləyir:


“Məsələn kənd təsərrüfatı texnikasının istismarı, məhsulun yığılması, saxlanması və bazarlara çatdırılması xərcləri artdıqca istehsalçıların və distribütorların üzərinə əlavə maliyyə yükü düşür. Bu xərclərin bir hissəsi son nəticədə istehlakçı qiymətlərinə ötürülə bilər. Xüsusilə yanacaq və logistika xərclərinin ümumi maya dəyərində payı yüksək olan məhsullarda qiymət təzyiqi daha güclü hiss oluna bilər”.


G.Hüseynova Azərbaycan üçün də bu prosesin dolayı təsirlərini xüsusi qeyd edib:


“Bu məsələ iqtisadi baxımdan əhəmiyyətli hesab olunur. Belə ki, ölkənin neft istehsalçısı olması onu qlobal bazarlardakı qiymət, təchizat dəyişikliklərindən tam sığortalamır. İkinci bir məsələ odur ki, yerli emal imkanları, dizel ehtiyatları, idxaldan asılılıq və daxili qiymət mexanizmləri bu təsirlərin miqyasını müəyyən edən əsas amillərdir. Eyni zamanda, beynəlxalq daşınma xərclərinin artması idxal olunan ərzaq və sənaye məhsullarının qiymətlərinə əlavə təzyiq göstərə bilir”.


Onun fikrincə, iqtisadi baxımdan əsas risk dizelin bahalaşmasının özü deyil, bu artımın bütün istehsal və ticarət zənciri boyunca yayılmasıdır.

“Təchizat məhdudiyyətləri uzun müddət davam edərsə, logistika xərclərinin yüksəlməsi inflyasiyanı sürətləndirə, müəssisələrin mənfəət marjasını azalda və əhalinin alıcılıq qabiliyyətini zəiflədə bilər. Buna görə də böhranın iqtisadi nəticələrini qiymətləndirərkən yalnız neft qiymətlərinə deyil, dizel ehtiyatlarına, emal güclərinə və alternativ təchizat marşrutlarının dayanıqlılığına da diqqət yetirmək lazımdır”, — ekspert vurğulayıb.


Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR