Azərbaycanda əhalinin gəliri ilə birgə borcu da artır - SƏBƏBLƏR
Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib. Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artıb.
Mərkəzi Bankın hesabatında bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc yükünün həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.
Bəs əhalinin borc yükünün gəlirlərinə nisbətinin 18,7 faizə yüksəlməsi nə deməkdir? Gəlirlər artsa da, borc yükünün payı niyə yüksəlir?
Bu barədə iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, əhalinin borc yükünün gəlirlərinə nisbətinin 18,7 faizə yüksəlməsi o deməkdir ki, Azərbaycanda orta hesabla hər bir şəxs əldə etdiyi gəlirin 18,7%-ni bank kreditlərinin ödənilməsinə yönəldir:

“Məsələn, hər hansı bir şəxsin bütün məcburi ödənişlər çıxıldıqdan sonra aylıq gəliri 1000 manatdırsa, deməli, həmin şəxs banklara hər ay 187 manat kredit borcu ödəyir. Bu kreditlərə həm istehlak, həm də ipoteka kreditləri daxildir. Gəlirlər artdığı halda, borc yükünün də artması onu göstərir ki, insanlar banklardan daha çox kredit götürürlər. Yəni, götürülən kreditlərin həcmi gəlirlərdən daha çox artır. Açıqlanan rəqəmlər də onu deməyə əsas verir ki, insanlar banklardan daha çox kredit götürməyə başlayıblar”.
İqtisadçı əhalinin çox kredit götürməsinin bir sıra səbəblərinin olduğunu açıqlayıb:
“Əsas səbəblərdən biri kimi kreditlərə, xüsusən də istehlak kreditlərinə əlçatanlığın yüksəlməsini göstərmək olar. Bankların çox asanlıqla istehlak krediti verməsi bir çox hallarda insanların borc yükünü artırır. Bu, Mərkəzi Bankın da gündəmində olan məsələdir. Hətta Mərkəzi Bank son zamanlar kreditlərlə bağlı bir sıra tələbləri sərtləşdirmək qərarına gəlib. Məsələn, yeni qaydalara əsasən, zamin duran şəxsin kredit öhdəlikləri onun rəsmi gəlirinin 70 faizini keçə bilməz.
Yaxud, verilən kreditlərin ümumi həcmi bankın ümumi portfelinin maksimum 10 faizi ilə məhdudlaşdırılır. Bundan sonra 90 gündən çox gecikən kreditlər portfelin 10 faizinə çatdıqda, kredit verilişi dərhal dayandırılır. Dediyim kimi, əhalinin borc yükünün artmasının əsas səbəblərindən biri insanların bəzən zərurət olmadığı halda kredit götürməsidir. Burada tələblərin sərtləşdirilməsi ilə paralel olaraq, əhalinin maarifləndirilməsinə də ehtiyac var”.
Bəsti Rəfizadə






