Qara dənizdə gəmilərə hücumlar: Bahalaşmanı gücləndirir? - AÇIQLAMA

Qara dənizdə gəmilərə hücumlar: Bahalaşmanı gücləndirir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Qara dənizdə mülki yük gəmilərinə qarşı hücumların artması beynəlxalq ticarət və daşımaların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Son hadisələr zamanı daha iki mülki yük gəmisinə hücum edilib, onlardan biri batıb. Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşının da olduğu bildirilir. Dəniz nəqliyyatında təhlükəsizlik risklərinin artması təkcə gəmiçilik şirkətlərinin fəaliyyətinə deyil, həm də beynəlxalq yükdaşımaların qiymətinə və nəticə etibarilə istehlak bazarına təsir göstərə bilər.

Bəs Qara dənizdə ticarət və yük gəmilərinə hücumların artması Azərbaycanda və digər ölkələrdə qiymətlərə nə dərəcədə təsir edir? Ölkə daxilində müşahidə olunan bahalaşmada bu amilin də payı varmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, belə hadisələr gəmiçilik şirkətləri üçün riskləri artırır.

“Gəmilərin sığortası bahalaşa, yüklərin çatdırılması gecikə və daşınma xərcləri arta bilər. Şirkətlər bu əlavə xərcləri məhsulların qiymətinə daxil etdikdə, nəticədə həmin məhsullar istehlakçılar üçün də bahalaşır. Xüsusilə taxıl, bitki yağları və digər ərzaq məhsullarının daşınmasında yaranan problemlər dünya bazarına təsir edə bilər”, - iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda da belə təsirlərin yaranması mümkündür. İdxal olunan məhsulların daşınması bahalaşarsa, bu, daxili bazarda qiymət artımına səbəb ola bilər. Bununla belə, Qara dənizdəki hücumları Azərbaycanda bahalaşmanın əsas səbəbi kimi göstərmək üçün konkret məlumatlar lazımdır.

“Hansı məhsulların daşınma xərclərinin artdığı və bu artımın son qiymətlərə nə qədər təsir etdiyi araşdırılmalıdır. Əsas məsələ isə bu hadisələrin davamlı xarakter almasıdır. Hücumlar və təhlükəsizlik riskləri uzun müddət davam edərsə, beynəlxalq ticarət zəifləyə, daşınma xərcləri arta və ərzaq bazarında əlavə qiymət təzyiqi yarana bilər”, - deyə A.İbrahimov vurğulayıb.

İqtisadçı bildirib ki, təhlükəsizlik riskləri logistika və sığorta xərclərinə təsir göstərir və bu xərclər yekun məhsulun qiymətində də əks oluna bilər. Buna görə də Azərbaycan belə risklərin təsirini azaltmaq üçün yerli istehsalı artırmalı, ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmalı və alternativ daşınma yollarını inkişaf etdirməlidir.

“Eyni zamanda, ölkədə hər qiymət artımını xarici hadisələrlə izah etmək düzgün deyil. Bahalaşmanın səbəbləri konkret rəqəmlərlə araşdırılmalı, idxal xərclərinin və yerli bazardakı qiymətlərin dəyişməsi şəffaf şəkildə qiymətləndirilməlidir”, - iqtisadçı əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR