Azərbaycanda kredit götürmək çətinləşəcək? - YENİ QAYDALAR
Azərbaycanda bankların kredit risklərinin qiymətləndirilməsi qaydalarına dəyişiklik edilib.
Yeni tələblər zaminin maliyyə yükündən tutmuş, borcalanın gəlirlərinin müəyyənləşdirilməsinə və nisyə satışla məşğul olan sahibkarların kreditlərinin qiymətləndirilməsinə qədər bir sıra məsələləri əhatə edir. Dəyişikliklərə əsasən, istehlak krediti üzrə zaminin borcun gəlirə nisbəti əmsalı 70 faizdən çox olmamalıdır. Eyni zamanda, borcalanın gəlirləri sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə edilən məlumatlarla müəyyən edilə bildikdə, kredit qərarında davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edilməsinə icazə verilməyəcək.
Bəs bu qaydalar vətəndaşlarn kredit əldə etməsinə necə təsir edəcək? Zamin tapmaq çətinləşəcəkmi və banklar kredit verərkən daha sərt seçim edəcəklərmi?

İqtisadçı ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında qeyd edib ki, yeni qaydalar yəni banklarda kredit risklərinin idarə edilməsi, daha sonra banklarda aktivlərin təsirinin gücləndirilməsi bütövlükdə bankları vadar edir ki, daha ehtiyatlı olsunlar və kredit riskini qiymətləndirərkən konservativ yanaşmanı rəhbər tutsunlar:
“Birinci növbədə borcalanın rəsmi gəliri varsa, artıq onun qeyri-rəsmi gəlirləri əsasında gəlirinin proqnozlaşdırılması qadağan edilir. Tutaq ki, şəxs orta məktəbdə müəllimədir, 1000 manat rəsmi maaşı var. İndiyə kimi həmin o müəllim banka kredit almaq üçün gələndə bank misal üçün baxır ki, bu ingilis dili, kimya, riyaziyyat və s fənnlər üzrə dərs deyir. Müəllim repetitorluq fəaliyyətindən də gəlir əldə edir, yəni gəliri 1000 manat yox, daha çox qəbul edilir və bank həmin şəxsə daha yüksək məbləğdə kredit verir”.
Hüquqşünas bildirib ki, yeni qaydaya əsasən belə hallar baş verməyəcək:
“Mərkəzi bankın qərarına görə, şəxsin rəsmi gəliri varsa, artıq onun qeyri-rəsmi gəlirini proqnozlaşdırmaq mümkün olmayacaq”.
Əkrəm Həsənov, vurğulayıb ki, artıq banklardan kredit götürmək daha da çətinləşir:
“Zamin, o şəxslər qəbul olunacaq ki, onun kredit yükü gəlirinin 70%-dən çox deyil. Məsələn, şəxs ayliq 1000 manat gəlir alır, banka 700 manatadək borcu varsa problem deyil. Lakin borcu çox olarsa, o zaman zaminlik çətin məsələdir”.
Ekspert qeyd edib ki, digər məsələ kreditin silinməsinə aiddir:
“Hal-hazırda bankların problemli kredit portfelindən silinən kredit həmin portfeldə nəzərə alınmır. İndiyə qədər, tutaq ki, şəxsin 5 milyon problemli krediti var və 100 min borcdan silinib, beləliklə onun borcu 4 milyon 900 min qeydə alınırdı. Amma yeni qərara əsasən, 12 ay ərzində silinən kreditlərdə nəzərə alınacaq. Bu da bank üçün ehtiyat saxlamaq göstəricisini çətinləşdirir”.
Ə.Həsənov deyib ki, nisyə alqı-satqı fəaliyyəti ilə məşğul olan ticarət şəbəkələri də öz dövriyyələrini təmin etmək üçün banklardan kredit götürürlər:
“İndiki qərara görə, bank deyir ki, sahibkarların rəsmi göstəriciləri ilə qeyri-rəsmi göstəriciləri arasında 90% fərq varsa, ona bankın verdiyi kredit qeyri-qanaətbəxş kredit kimi qiymətləndirilməlidir və bununla da, bank ən az 25% ehtiyat saxlamalıdır”.
Sonda isə ekspert xüsusi olaraq bildirib ki, Mərkəzi Bank bu qərarı verməklə, qara mühasibatla məşğul olan şəbəkələrin kredit almaq imkanlarını da çətinləşdirir. Bu hal onları rəsmi mühasibat uçotu ilə işləməyə məcbur edəcək.
Fatimə Ələkbərova
Sfera.az






