İxracın artması bahalaşma yaradır? - Ekspert RƏYİ

İxracın artması bahalaşma yaradır? - Ekspert RƏYİ
Kateqoriya məlum deyil
T

Azərbaycanın qeyri-neft-qaz mallarının ixracında qeydə alınan artım ölkə iqtisadiyyatının şaxələndirilməsi və yerli istehsalın xarici bazarlara çıxış imkanlarının genişlənməsi baxımından diqqət çəkir. Xüsusilə kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ixrac həcminin yüksəlməsi yerli istehsalçılar üçün əlavə gəlir imkanları yaradır. Bununla yanaşı, ixracın genişlənməsi daxili bazara yönəldilən məhsulların həcmi, ərzaq təklifi və qiymətlərin formalaşması ilə bağlı suallar da doğurur. Xarici bazarlarda daha yüksək qiymətə satış imkanlarının yaranması bəzi istehsalçıları ixraca üstünlük verməyə sövq edə bilər.

Belə olan halda, daxili bazarda təklifin azalması ərzaq qiymətlərinə təsir göstərə bilərmi? Bəs ixracın artması yerli istehsalın genişlənməsinə və uzunmüddətli perspektivdə qiymət sabitliyinə necə təsir edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycandan qeyri-neft-qaz sektoru üzrə ixracın, o cümlədən aqrar və aqrar-sənaye məhsullarının xarici satışının artması daxili ərzaq bazarına müəyyən təsir göstərə bilər.

Onun sözlərinə görə, bu təsir ilk növbədə ixrac olunan məhsulların növündən, daxili istehsalın həcmindən, əhalinin tələbatından və həmin məhsulların ölkə daxilində nə qədərinin satışa yönəldilməsindən asılıdır:

“Əgər istehsalçı xarici bazarda məhsulunu daha yüksək qiymətə satmaq imkanı əldə edirsə, daxili bazara təklif etdiyi məhsulun qiymətini də artırmağa maraqlı ola bilər. Bu halda ixracın artması yerli bazarda qiymətlərin yüksəlməsinə təkan verə bilər. Xüsusilə meyvə-tərəvəz kimi tez xarab olan məhsullarda ixracın artması daxili bazarda təklifin azalmasına səbəb olarsa, qiymət artımı daha aydın hiss edilə bilər. Lakin ixracın artmasını avtomatik olaraq ərzaq bahalaşması ilə əlaqələndirmək düzgün olmaz. Əgər istehsal həcmi də artırsa, fermerlər həm daxili tələbatı ödəyə, həm də xarici bazarlara daha çox məhsul çıxara bilərlər. Belə vəziyyətdə ixracın artması daxili bazarda qiymət təzyiqi yaratmaya bilər”.

A.Nəsirli qeyd edib ki, ixracın genişlənməsi kənd təsərrüfatı istehsalçılarına əlavə gəlir gətirir, investisiyaları və istehsalın artırılmasını stimullaşdırır:

“Uzunmüddətli perspektivdə bu, məhsuldarlığın yüksəlməsinə, emal müəssisələrinin inkişafına və ərzaq təklifinin artmasına şərait yarada bilər. Ancaq bu nəticələrin əldə olunması üçün suvarma, logistika, saxlama infrastrukturu və istehsal xərcləri ilə bağlı problemlər də həll edilməlidir. Burada əsas məsələ ixracın artım tempinin daxili istehsalın artım tempini üstələyib-üstələməməsidir. Əgər ixrac istehsaldan daha sürətlə artırsa və daxili bazara yönələn məhsulun həcmi azalırsa, qiymət artımı riski yüksəlir. Əksinə, istehsal ixracla paralel artırsa, həm ixrac gəlirlərini yüksəltmək, həm də daxili bazarda qiymət sabitliyini qorumaq mümkündür”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda aqrar məhsulların ixracı ilə daxili bazardakı qiymətlər arasında əlaqə məhsul növləri üzrə ayrıca təhlil edilməlidir:

"Dövlətin əsas vəzifəsi ixracı süni şəkildə məhdudlaşdırmaq deyil, istehsalı artırmaq, daxili bazarın təminatını izləmək, rəqabəti gücləndirmək və məhsulların istehsalçıdan istehlakçıya qədər olan zəncirdə əlavə xərcləri azaltmaq olmalıdır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR