"Azərbaycan üçün əsas məsələ neftin bahalaşması deyil, əlavə gəlirlərin necə idarə olunmasıdır" - AÇIQLAMA

"Azərbaycan üçün əsas məsələ neftin bahalaşması deyil, əlavə gəlirlərin necə idarə olunmasıdır" - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ-İran arasındakı gərginlik enerji təchizatına ciddi zərbə vurub.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının qarşıdakı görüşlərində enerji qiymətləri, inflyasiya və borclanmanın əsas müzakirə mövzuları olacağı bildirilir.

Enerji böhranı uzanarsa, hansı ölkələr daha çox zərər görəcək? Neft ixrac edən ölkələr bu vəziyyətdən necə faydalanacaq?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə müharibənin dünya iqtisadiyyatına təsiri ilk növbədə enerji bazarından başlayır, lakin bunun nəticələri neft və qaz qiymətləri ilə məhdudlaşmır:

“Enerji təchizatında yaranan fasilələr istehsal xərclərini artırır, nəqliyyat və logistika zəncirlərini bahalaşdırır, inflyasiyanı sürətləndirir və nəticədə həm dövlətlərin, həm də əhalinin maliyyə yükünü ağırlaşdırır. Bu proses uzandıqca iqtisadi artım zəifləyir, faiz dərəcələrinin aşağı salınması çətinləşir və borclanma daha bahalı olur”.

O bildirib ki, enerji böhranından ən çox enerji idxalından asılı olan ölkələr zərər görür:

“Xüsusilə idxal hesabına daxili tələbatını ödəyən, valyuta ehtiyatları məhdud olan və dövlət borcu yüksək səviyyədə olan iqtisadiyyatlar ciddi təzyiqlə üzləşir. Asiya ölkələrinin bir hissəsi, Avropanın enerji idxalından asılı iqtisadiyyatları, eləcə də aşağı və orta gəlirli dövlətlər üçün bahalaşan enerji həm tədiyyə balansına, həm büdcəyə, həm də istehlak qiymətlərinə mənfi təsir göstərir. Ərzaq və gübrə qiymətlərinin yüksəlməsi isə problemi daha da dərinləşdirə bilər. Çünki enerji bahalaşması kənd təsərrüfatından tutmuş ərzağın son istehlakçıya çatdırılmasına qədər bütün istehsal zəncirinə təsir edir”.

A.İbrahimov neft ixrac edən ölkələrin bu şəraitdə avtomatik olaraq qazandığını düşünməyin düzgün olmadığını vurğulayıb:

“Dünya bazarında neft qiymətlərinin yüksəlməsi ixrac gəlirlərini və büdcə daxilolmalarını artıra bilər. Lakin bu üstünlük bir neçə amildən asılıdır: ölkənin hasilat və ixrac imkanları, münaqişə zonasına coğrafi yaxınlığı, ixrac marşrutlarının təhlükəsizliyi, sığorta və daşınma xərcləri, eləcə də dövlət büdcəsinin neft gəlirlərindən asılılıq səviyyəsi. Əgər müharibə ixrac infrastrukturuna və ya nəqliyyat dəhlizlərinə zərbə vurursa, yüksək dünya qiymətləri fiziki ixracın azalmasını kompensasiya etməyə bilər”.

Ekspert bildirib ki, Azərbaycan kimi enerji ixracatçıları üçün də əsas məsələ yalnız neftin bahalaşması deyil, yaranan əlavə gəlirlərin necə idarə olunmasıdır – yüksək qiymətlər qısamüddətli fiskal imkanları genişləndirə bilər, lakin enerji bazarındakı qeyri-sabitlik iqtisadi planlaşdırmanı çətinləşdirir.


“Eyni zamanda, idxal olunan avadanlıq, ərzaq, tikinti materialları və logistika xidmətlərinin bahalaşması daxili bazarda inflyasiya təzyiqi yarada bilər. Buna görə də ixrac gəlirlərinin artması ilə əhalinin real alıcılıq qabiliyyətinin yüksəlməsi arasında avtomatik əlaqə yoxdur. Mənim fikrimcə, bu böhranın əsas iqtisadi dərsi enerji gəlirlərinin həcmi ilə iqtisadi dayanıqlığın eyni anlayış olmamasıdır. Dayanıqlıq üçün gəlirlərin şaxələndirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması, strateji ehtiyatların səmərəli idarə olunması və büdcə xərclərinin uzunmüddətli risklər nəzərə alınmaqla planlaşdırılması vacibdir. Münaqişə uzandıqca dünya iqtisadiyyatı daha yüksək qiymətlər, daha bahalı maliyyələşmə və zəif artım kombinasiyası ilə üzləşə bilər. Belə şəraitdə əsas üstünlük yalnız daha çox enerji ixrac edən ölkələrdə deyil, iqtisadi şokları daha az itki ilə idarə edə bilən ölkələrdə olacaq”, – A.İbrahimov vurğulayıb.


Fatimə Ələkbər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR