Aİ-nin sanksiyaları: Rusiyaya təsir edirmi?
Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyiblər. Məlumata görə, Rusiyaya qarşı sanksiya siyahısına 1646 şəxsin adı əlavə ediləcək. Siyahıya Ukraynanın işğal olunmuş ərazilərində sentyabr ayında Dövlət Dumasına keçirilən seçkilərdə namizədliyini irəli sürmüş 77 deputat da daxildir. Bu qərar Avropaya qarşı hibrid hücumların artması fonunda qəbul edilib. Həmçinin sanksiya Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalını dəstəkləməkdə ittiham olunan 743 fiziki şəxs və 826 təşkilatı da əhatə edəcək.
Xatırladaq ki, Aİ indiyə qədər Rusiyaya qarşı 21 sanksiya paketi qəbul edib. Qəbul edilən sonuncu sanksiya paketi sayca 22-ci oldu.
Bəs Aİ-nin indiyə qədər qəbul etdiyi sanksiya paketləri Rusiyaya ciddi mənada təsir edibmi?
Bu haqda politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, o cümlədən Aİ-nin tətbiq etdiyi sanksiyalar Ukrayna müharibəsinin inkişaf istiqamətlərinə ciddi şəkildə təsir göstərir:

“Xüsusilə də Kremlin Rusiya ordusunu maliyyələşdirmək imkanları ciddi şəkildə məhdudlaşır. Bu da Ukrayna və Rusiya arasındakı hərbi qarşıdurmada müəyyən balansın yaranmasına imkan verir. Ancaq indiki situasiyada mövcud sanksiyalar və Rusiyaya qarşı atılan addımlar Kremli Ukrayna müharibəsini dayandırmağa məcbur edəcək səviyyədə deyil. Çünki bunlar yalnız Avropa Birliyi tərəfindən atılan addımlardır. Bu addımlara Amerika Birləşmiş Ştatlarının və digər ölkələrin də ciddi şəkildə dəstək verməsi vacibdir. Düzdür, Amerika Birləşmiş Ştatları tərəfindən Rusiyaya qarşı müəyyən sanksiyalar qəbul olunub. Ancaq həmin sanksiyalar da yetərli deyil və eyni zamanda digər dünya ölkələrinin də bu prosesdə iştirakı vacibdir. Çünki Kreml Rusiyanın üzləşdiyi iqtisadi-ticari məhdudiyyətləri digər ölkələrlə iqtisadi-ticari əməkdaşlığı genişləndirməklə kompensasiya etməyə çalışır. Xüsusilə də Çin və Hindistan kimi ölkələrlə enerji sahəsindəki ticarət əlaqələri Rusiyaya müəyyən mənada mövcud situasiyadan çıxmağa imkan verir”.
Ekspert bildirib ki, Aİ-nin təkbaşına yürütdüyü sanksiya siyasəti Rusiyaya ciddi şəkildə təsir göstərsə də, müharibənin tamamilə dayandırılması üçün yetərli deyil:
“Üstəlik, onu da nəzərə almaq lazımdır ki, bəzi hallarda Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar elə bəzi Avropa ölkələri tərəfindən pozulur. Səhnə arxasından, yəni qeyri-rəsmi şəkildə bəzi Avropa ölkələri Rusiyadan enerji resursları idxal etməkdə davam edirlər. Bu da o deməkdir ki, həmin ölkələr Rusiya ordusunu dolayı yolla maliyyələşdirmiş olurlar. Belə vəziyyətdə Rusiyanın tam şəkildə bloklanması mümkün olmur. Bütün bunlar onu göstərir ki, indiki vəziyyət hələlik Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün yetərli xarakter daşımır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Rusiyanın daxili resursları hələlik Avropa Birliyinin sanksiyalarına tab gətirməyə imkan verir. Belə anlaşılır ki, Rusiyada iqtisadi-ticari problemlər yaşansa da, eyni zamanda ölkədaxili sosial-iqtisadi böhran əlamətləri müşahidə olunsa da və Rusiyanın dövlət büdcəsindəki yırtıqlar genişlənsə də, Kreml hələlik müharibəni dayandırmamaq üçün müəyyən maliyyə resursları tapmaqda davam edir”.
Bəsti Rəfizadə






