Avropa da Çinlə ticarət müharibəsinə hazırlaşır - Kəsir sürətlə böyüyür

Avropa da Çinlə ticarət müharibəsinə hazırlaşır - Kəsir sürətlə böyüyür
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Çinlə ticarət kəsirini azaltmaq və mümkün ticarət müharibəsinin qarşısını almaq üçün Pekinlə danışıqlara daha sərt hazırlaşır.

Sfera.az xəbər verir ki, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç bu həftə Çinin ticarət naziri Van Ventao ilə görüşəcək.

Qeyd edək ki, son məlumatlara əsasən, Aİ ölkələri ilə Çin arasında ticarətdə gün ərzində 1 milyard dollardan çox kəsir yaranır.

2025-ci ilin yekunlarına əsasən, Aİ ilə Çin arasında malların ümumi ticarət dövriyyəsi 759 milyard avro (təxminən 828,11 milyard dollar) təşkil edib. Aİ-nin Çindən idxalı 559,4 milyard avro (ötən illə müqayisədə 6,4 faiz artım), Aİ-nin Çinə ixracı isə 199,6 milyard avro (ötən illə müqayisədə 6,5 faiz azalma) olub. Aİ-nin ticarət kəsiri 391 milyard dollar təşkil edib.

Tərəflər gündəlik 1 milyard dolları keçən ticarət kəsirini müzakirə edəcəklər. Görüşdən əvvəl Aİ Çindən gətirilən hibrid avtomobillərə qarşı qoruyucu tədbirlər hazırlayır. Bu çərçivədə, idxal həcmi müəyyən limiti keçən avtomobillərə əlavə gömrük rüsumunun tətbiqi planlaşdırılır.

2026-cı ilin avqust ayında Avropada hibrid avtomobil satışında Çin markalarının payı təxminən 25 faizə yüksəlib. Aİ-nin Çin istehsalı olan elektromobillərə yüksək gömrük rüsumları qoymasından sonra isə elektrikli maşınların idxalındakı artım zəifləyib.

Almaniya və Fransa Çindən artan idxala qarşı Aİ-nin daha kəsərli addımlar atmasını istəyir. Hər iki ölkə ticarət müharibəsi başlayacağı təqdirdə Çini Aİ bazarından tamamilə çıxarmağa qədər xüsusi səlahiyyətlərin verilməsini təklif edib.

Pekin isə Aİ-yə birtərəfli qoruyucu siyasət yürütməməklə bağlı xəbərdarlıq edib. Çin Ticarət Nazirliyi Fransa və Almaniyanı "səhv yola girməməyə" çağırıb. Çin dövlət televiziyası ilə əlaqəli bir sosial media hesabı da qeyd edib ki, yeni məhdudiyyətlər danışıqlara zərər vura bilər.

Bu görüşlərin nəticələrinin gələn həftə Brüsseldə keçiriləcək Aİ liderlərinin sammitinə çıxarılması gözlənilir. Liderlər Çin ixracatının artmasını və bunun Avropa sənayesinə təsirini dəyərləndirərək daha sərt addımların atılıb-atılmayacağına qərar verəcəklər.

Digər tərəfdən, Çinin kritik nadir torpaq elementləri bazarındakı hegemonluğu, mümkün ticarət böhranında Pekinin əlində mühüm cavab silahıdır. Çin daha əvvəl də dəfələrlə bəyan edib ki, Aİ yeni ticarət məhdudiyyətləri tətbiq edərsə, rəsmi Pekin buna mütləq qarşılıq verəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR