Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri
Azərbaycan dövlət büdcəsinin gəlirləri müxtəlif mənbələr hesabına formalaşır. Bu mənbələr arasında vergi və gömrük daxilolmaları, neft-qaz sektorundan əldə olunan gəlirlər, eləcə də Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər xüsusi yer tutur.
Sfera.az bildirir ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38,609 milyard manat müəyyən edilib. Proqnoza əsasən, gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektorunun, 16,4 milyard manatı və ya 42,6 faizi isə neft-qaz sektorunun payına düşür.
Dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri vergilərdir. 2026-cı ildə Dövlət Vergi Xidməti xətti ilə büdcəyə 16,9 milyard manat daxilolma proqnozlaşdırılıb. Bu məbləğ ümumi büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir.
Digər mühüm mənbə gömrük daxilolmalarıdır. Dövlət Gömrük Komitəsinin xətti ilə 2026-cı ildə büdcəyə 6,9 milyard manat vəsait daxil olması gözlənilir.
Neft-qaz gəlirləri də Azərbaycan iqtisadiyyatında mühüm rolunu qoruyur. Dövlət Neft Fondundan 2026-cı ilin dövlət büdcəsinə 12,835 milyard manat transfert nəzərdə tutulub. Bu vəsait büdcə gəlirlərinin mühüm hissəsini təşkil edir.
Bundan başqa, dövlət büdcəsinin gəlirləri dövlət müəssisələrindən əldə olunan dividendlər, büdcə təşkilatlarının ödənişli xidmətləri və digər daxilolmalar hesabına da formalaşır. 2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1,021 milyard manat, SOCAR-ın dividendlərindən isə 450 milyon manat gəlir proqnozlaşdırılıb.
Beləliklə, Azərbaycanın dövlət gəlirlərinin strukturunda həm neft-qaz sektoru, həm də qeyri-neft mənbələri mühüm yer tutur. Son illərdə qeyri-neft sektorundan daxilolmaların artırılması dövlət gəlirlərinin şaxələndirilməsi baxımından əsas istiqamətlərdən biri kimi çıxış edir.
Fatimə






