Çin və Yaponiya geri çəkilir: ABŞ borc böhranı ilə üzləşə bilər

Milyarder investor Rey Dalio ABŞ-nin ən böyük iki xarici kreditoru olan Çin və Yaponiyanın Amerika dövlət istiqrazlarına marağının azalmasının təhlükəli risklər yaratdığı haqda xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, "Bridgewater Associates" şirkətinin qurucusu Dalio "Bloomberg Television"a verdiyi müsahibədə bildirib ki, ABŞ öz borclarının təxminən üçdə birini xarici investisiyalar hesabına maliyyələşdirir.
Bu vəsaitlərin ən böyük hissəsi isə məhz Yaponiya və Çinin payına düşür.
Dalionun sözlərinə görə, Çin həm iqtisadi səbəblərdən, həm də geosiyasi gərginliklərə görə artıq ABŞ istiqrazlarını toplamaq istəmir. Yaponiya ise keçmişdə Amerikaya "həddindən artıq çox borc verdiyini" düşünür və indi həmin pulları geri çəkməyə çalışır.
Bu açıqlamalar ABŞ-nin Maliyyə Naziri Skott Bessentin nikbin bəyanatından dərhal sonraya təsadüf edib. Bessent qeyd etmişdi ki, hökumətin xərclərinin azaldılması və iqtisadi artım sayəsində dövlətin borclanma templəri çox sürətlə aşağı düşəcək.
Buna baxmayaraq, Dalio ABŞ-nin yaxın üç il ərzində ciddi bir borc böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlığını yenidən təkrarlayıb. O, bəzi borcluların artıq indidən maliyyə sıxıntısı hiss etməyə başladıqlarını vurğulayıb.
Hazırda ABŞ istiqraz bazarında satış dalğası davam edir və 10 illik dövlət istiqrazlarının gəlirliliyi (faiz dərəcəsi) 5,3% ətrafında dəyişir. Bu göstərici 2002-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə yaxındır. "Bloomberg"in məlumatına görə, cari ildə qlobal istiqrazlar ümumilikdə 3%, ABŞ dövlət istiqrazları isə 2,8% dəyər itirib.
Qeyd edək ki, ABŞ-nin ümumi dövlət borcu 40,53 trilyon dollardır. Bunun 9,25 trilyon dolları (23 faiz) xarici, 31,28 trilyon dolları daxili borcdur.
Xarici borc ABŞ-dən kənarda yerləşən mərkəzi bankların, xarici dövlətlərin (başda Yaponiya, Böyük Britaniya və Çin olmaqla) və beynəlxalq özəl investorların əlindəki ABŞ xəzinə istiqrazlarıdır.
Xarici borcun strukturunda son illərdə ən böyük dəyişiklik, Çinin ABŞ istiqrazlarını sataraq öz payını azaltması və Böyük Britaniyanın aktiv şəkildə daha çox ABŞ istiqrazı alaraq ikinci sıraya yüksəlməsidir.
Bununla belə, Yaponiya da əvvəlki illərlə müqayisədə ABŞ-yə verdiyi borcu azaldıb. Hazırda ABŞ-nin Yaponiyaya borcu 1,1 trilyon dollardır. Yaponiya artıq uzun illərdir (2019-cu ildən bəri) ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibidir. Yaponiyaya borc 2021-ci ilin noyabrında 1,325 trilyon dollar idi. Lakin son 5 ildə borc məbləği 225 milyard dollar azalıb.
Böyük Britaniyaya olan borc 998 milyard dollardır və yüksəlmə dinamikası müşahidə edilir. İngilislər yalnız 2026-cı ildə ABŞ-yə daha 65 milyard dollar borc verib.
Çinə olan borc isə sürətlə azalır. Hazırda Çinə olan borc 618 milyard dollardır. Pekin 2013-cü ildə 1,32 trilyon dollar ilə ABŞ-nin ən böyük kreditoru idi. Keçən müddət ərzində Çin öz maliyyə ehtiyatlarını qorumaq üçün Amerika istiqrazlarını aktiv şəkildə sataraq bu məbləği 2 dəfədən çox azaldıb.
Dinamika göstərir ki, həm Yaponiya, həm də Çin ABŞ-yə borcunu azaldır. Lakin hər iki ölkənin ABŞ-yə verdiyi borc azalsa da, digər ölkələr hesabına ABŞ cəlb etdiyi xarici borcu artırır. Məhz bunun hesabına 2020-ci ildə 7 trilyon dollar olan xarici borc yükü hazırda 9,25 trilyon dollardır.
ABŞ-nin xüsusilə Qərb müttəfiqlərinə və Avropa ölkələrinə olan borcu kəskin şəkildə artıb. Böyük Britaniyadan başqa Kanadaya olan borc artaraq 472 milyard dollara, Belçikaya olan borc 471 milyard dollara, Lüksemburqa borc 442 milyard dollara, Fransaya borc 348 milyard dollara yüksəlib.
Vasif






