Azərbaycanda minimum maaşın tarixi: 35 dəfə baxılan məbləğ

Azərbaycanda minimum maaşın tarixi: 35 dəfə baxılan məbləğ
Kateqoriya məlum deyil
T

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqında növbəti artım olacaq. Bununla bağlı xoş xəbəri Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı zamanı açıqlayıb.

Sfera.az xatırladır ki, Azərbaycanda minimum əməkhaqqı müəyyən fasilələrlə davamlı olaraq artırılıb və bu artımlar aşağı gəlirli, ixtisas tələb etməyən sahələrdə çalışan işçilərin sosial müdafiəsinin güclənməsində mühüm rol oynayıb.

Bəs maraqlıdır, ölkəmizdə indiyə qədər neçə dəfə minimum əməkhaqqının artırılması ilə bağlı qərar verilib?

Məlumatların təhlili göstərir ki, indiyə qədər Azərbaycanda minimum əməkhaqqının məbləğinə 35 dəfə baxılıb. İlk dəfə 1991-ci ildə belə qərar qəbul edilib və həmin ilin aprelin 1-dən minimum maaş indiki pulla 0,26 qəpik olub.

1992-ci ildə minimum maaşın artırılması haqqında 3 dəfə qərar verilib. Minimum maaş əvvəlcə 0,64 qəpik, sonra 1,4 qəpik, daha sonra isə 5 qəpik olub.

1993-cü ildə də minimum maaşın məbləğinə 3 dəfə baxılıb. Yeniləmə ilə minimum maaş əvvəlcə 6 qəpik, sonra 10 qəpik, daha sonra 18 qəpik təşkil edib.

1994-cü ildə daha 2 dəfə minimum maaş artırılıb. Birinci dəfə 40 qəpik, sonra isə 80 qəpik müəyyən edilib.

1995-ci ildə minimum əməkhaqqı daha bir dəfə artırılaraq 1,1 manata çatdırılıb. Sonrakı illərdə minimum maaş artırılmayıb və bu məsələyə 6 il fasilə verilib. 1991–1994-cü illərdə minimum əməkhaqqının dəfələrlə artırılması həmin dövrdə Azərbaycanda müşahidə edilən hiperinflyasiya ilə bağlı olub.

2001-ci ildə minimum maaş 5 dəfə artırılaraq 5,5 manata çatdırılıb.

Azərbaycanda minimum əməkhaqqının artırılmasında ciddi dönüş dövrü 2003-cü ildən sonraya təsadüf edir. Minimum əməkhaqqı 2003-cü ildə 9 manata, 2004-cü ildə əvvəlcə 12, sonra 20 manata, 2005-ci ildə öncə 25, sonra 30 manata, 2007-ci ildə əvvəlcə 40, sonra 50 manata, 2008-ci ildə isə əvvəlcə 60, daha sonra 75 manata çatdırılıb.

2010-cu ildə minimum maaş 85 manata, 2011-ci ildə 93,5 manata, 2013-cü ildə 105 manata, 2017-ci ildə 116 manata, 2018-ci ildə 130 manata qaldırılıb.

2019-cu ildə minimum maaşa iki dəfə baxılıb və ciddi artım baş verib. Əvvəlcə məbləğ 180 manat, sonra isə 250 manat müəyyən edilib.

2022-ci, 2023-cü və 2025-ci illərdə də minimum maaş artırılıb. Birinci dəfə məbləğ 300 manata, sonra 345 manata, ən sonda isə 400 manata çatdırılıb.

2027-ci ildəki artım minimum əməkhaqqı ilə bağlı 36-cı qərar olacaq. Qanunvericilikdə edilən dəyişikliyə uyğun olaraq, gələn ildən başlayaraq hər il minimum maaşın məbləğinə yenidən baxılacaq.

Bəs 2027-ci ildə nə qədər artım ola bilər?

Böyük ehtimalla, minimum əməkhaqqında artım 10 faizdən az olmayacaq. Çünki indiyə qədər minimum maaş adətən 10 faizdən az artırılmayıb. Bu məntiqlə, növbəti artımdan sonra minimum maaş 440 manatdan az olmayacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR