Prezident anons verdi: Maaş və pensiyalar nə qədər artacaq?

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağını açıqlayıb.
Dövlət başçısı bununla bağlı müvafiq göstərişin verildiyini bildirib.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu açıqlama növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağını göstərir.

Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqının artırılması artıq mütəmadi xarakter alacaq. Vüqar Bayramov qeyd edib ki, 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliklərə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artırılması gözlənilir:
“Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Gələn il yanvarından bütün növ əmək pensiyaların da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir.
Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq”.
Millət vəkili vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu yeni sosial paketin anonsudur.
Firuzə Əliyeva






