Aİ-də polad istehsalı minimum səviyyəyə enib

Avropa İttifaqında (Aİ) polad istehsalı tarixi minimum səviyyəyə enib.
Enerji qiymətlərinin yüksək olması, ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və Çin məhsullarının qlobal bazarda artan təklifi Avropa polad sənayesinə ciddi təzyiq göstərir.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Avropa Polad Assosiasiyasının (EUROFER) məlumatına görə, 2026-cı ilin ilk yarısında Avropadan ABŞ-yə metal tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb. Bu, Vaşinqtonun Aİ-dən idxala 50 faizlik gömrük rüsumu tətbiq etməsi fonunda baş verib.
Türkiyə, Hindistan və Çinə ixrac isə daha ucuz xarici məhsullarla rəqabət səbəbindən ən azı 18 faiz azalıb. 2025-ci ildə Aİ-də xam polad istehsalı 3 faiz azalaraq 126 milyon tona düşüb. 2026-cı ilin ilk beş ayında isə istehsal daha 1 faiz geriləyib. EUROFER rəhbəri Aksel Eqert bildirib ki, Avropa polad istehsal gücünü azaldan yeganə böyük region olaraq qalır. Onun sözlərinə görə, Aİ-nin 2015-ci ildə qeydə alınmış təxminən 155 milyon tonluq istehsal səviyyəsinə qayıtması artıq real görünmür.
Hazırda dünya polad istehsalının təxminən 14 faizi Aİ-nin payına düşür. Qlobal istehsalın təxminən dörddə üçü isə Asiya ölkələrinin payına düşür. Avropa Komissiyası sənayeni dəstəkləmək məqsədilə iyul ayında polad idxalı üzrə ticarət kvotaları tətbiq edib. Bundan başqa, polad məhsulları karbon sərhəd tənzimləmə mexanizminə (CBAM) daxil edilib. Bu mexanizm xarici istehsalçılar üçün əlavə ödənişlər nəzərdə tutur.
Buna baxmayaraq, Avropa istehsalçıları yüksək xərclərlə üzləşməkdə davam edirlər. “ArcelorMittal”ın Avropa bölməsinin direktorlar şurasının sədri Gert Van Pulverde bildirib ki, istehsal xərcləri avtomobil istehsalçıları da daxil olmaqla, alıcılar üçün həddindən artıq yüksəkdir. Onun sözlərinə görə, ixrac da getdikcə daha problemli xarakter alır.
Firuzə Əliyeva






