Azərbaycan bir sıra ölkələrlə vizasız rejimə keçib - Turist axını olacaq?

Azərbaycan bir sıra ölkələrlə vizasız rejimə keçib - Turist axını olacaq?
Kateqoriya məlum deyil
T

2026-cı ildə Azərbaycan bir sıra ölkələrlə vizasız rejim tətbiq edib.

Bu istiqamətdə atılan addımların qarşıdakı dövrdə də davam etdiriləcəyi gözlənilir. Vizasız rejimin genişləndirilməsi isə Azərbaycana turizm axınının artırılması baxımından yeni imkanlar yaradır.

Bəs 2026-cı ildə vizasız rejimin genişləndirilməsi Azərbaycana turist axınına real olaraq nə qədər təsir göstərə bilər? Vizasız rejimin tətbiqindən sonra həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayını artırmaq üçün əlavə hansı addımlar atmalıyıq?

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Sfera.az-a açıqlama verib. O, bir çox ölkə ilə vizanın aradan qaldırılmasının, vizasız rejimə keçidin siyasi yaxınlaşmanın nəticəsi olduğunu qeyd edib:

“Bunun nəticəsi olaraq viza rejimi aradan qaldırılır və gəliş-gedişin rahatlığı təmin olunur. Həm də qarşılıqlı vizanın aradan qaldırılması ölkələr arasında yaxınlaşmanın, güvənin göstəricisidir. Bununla əlaqədar olaraq qarşılıqlı gəliş-gedişlər də arta bilər. Amma bunun üçün əlavə olaraq mütləq birbaşa uçuşların təmin olunması, əlverişli uçuş şərtlərinin olması da vacibdir. Bunun nəticəsində, təbii ki, turist axınına ciddi şəkildə təsir göstərmək mümkündür”.

Ekspertin sözlərinə görə, vizaların aradan qaldırılması bəzi ölkələr üzrə turizmə birbaşa ciddi təsir göstərməyəcək:

“Bəzi coğrafi baxımdan çox uzaqda olan ölkələrlə bağlı vizaların ləğv edilməsinin təsiri məhdud ola bilər. Amma istənilən halda bu, ölkələr arasında münasibətlərin dərinləşməsi baxımından, müxtəlif böyük tədbirlərdə həmin ölkələrdən daha çox turistlərin və əcnəbilərin Azərbaycanda iştirak etməsi baxımından müsbət addımlardan biridir. Bu, həm də ölkələrin qarşılıqlı yaxınlaşmasına və münasibətlərin daha da dərinləşməsinə xidmət etmiş olur. Yenə də qeyd edirəm ki, viza prosedurlarının aradan qaldırılması, sadələşdirilməsi və ya ümumiyyətlə vizanın olmaması ilə yanaşı, turistlərin sayını artırmaq üçün əsas məsələlərdən biri də əlverişli, birbaşa uçuşların sayının artırılmasıdır”.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycan bir sıra ölkələrin vətəndaşları üçün vizasız rejim tətbiq edib. Belə ki, Çin Xalq Respublikasının Honq-Konq və Makao xüsusi inzibati ərazilərinin vətəndaşları üçün fevralın 2-dən, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və Küveyt vətəndaşları üçün fevralın 15-dən vizasız rejim qüvvəyə minib. Yaponiya və Cənubi Koreya vətəndaşları üçün bu rejim iyulun 1-dən, Bosniya və Herseqovina və Sinqapur vətəndaşları üçün isə avqustun 1-dən tətbiq olunmağa başlayıb. Bu ölkələrin vətəndaşları müəyyən edilmiş müddət ərzində Azərbaycana vizasız daxil ola bilirlər.

Bundan başqa, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun keçirdiyi görüşlər zamanı viza rejiminin sadələşdirilməsi istiqamətində də yeni razılaşmalar əldə olunub. Sentyabrın 24-də Azərbaycanla Dominikan Respublikası arasında ümumvətəndaş pasportu sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb. Sentyabrın 25-də isə Antiqua və Barbuda ilə həm diplomatik və rəsmi xidməti, həm də ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı vizasız rejimə dair iki saziş imzalanıb.

Həmin sessiya çərçivəsində Beninlə diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi, Sent-Kits və Nevislə isə diplomatik və rəsmi/xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi barədə sazişlər də imzalanıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR