Azərbaycanda yeni bahalaşma dalğası - İlin sonunadək...

Azərbaycanda yeni bahalaşma dalğası - İlin sonunadək...
Kateqoriya məlum deyil
T

Azərbaycanda inflyasiya ilə bağlı proqnozlar kəskin fərqlənir. Müxtəlif beynəlxalq və yerli qurumlar bu il ölkədə qiymət artımının 3-6 faiz arasında olacağını proqnozlaşdırır.

Bəs eyni ölkə və eyni iqtisadi göstərici ilə bağlı proqnozlar niyə bu qədər fərqlənir? Azərbaycanda qiymətlər əslində nə qədər arta bilər və insanların gündəlik xərclərində bunu necə hiss etmək mümkün olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, inflyasiya proqnozlarının fərqli olması Azərbaycan iqtisadiyyatında normal haldır.

Onun sözlərinə görə, əsas məsələ rəqəmin özü deyil, orta statistik Azərbaycan vətəndaşı piştaxtalarda hansı məhsulun nə qədər artdığını rahat, açıq gözlə görə bilir:

“Məsələn, iki ay bundan qabaq aldığı şəkər tozunu və yaxud da ki, mal ətinin qiymətini bilir, hansı formada nə qədər artdığını çox gözəl bilir. Yəni, açığı, mənim özüm də Dövlət Statistika Komitəsinin rəqəmlərindən istifadə edərkən biraz ehtiyatlı davranıram, əlavə araşdırmalar aparıram. Azərbaycanda inflyasiya ilə bağlı müxtəlif qurumlardan fərqli açıqlamaların da əsas səbəbi, mən belə düşünürəm ki, fərqli ssenarilərdən istifadə eTmələridir. Məsələn, neftin qiyməti, ərzaq bazarı, idxal xərcləri, manatın məzənnəsi və daxili tələbatla bağlı gözləntilər dəyişdikcə proqnoz da dəyişir. Əhali üçün əsas məsələ Mərkəzi Bankın, Dünya Bankının açıqladığı rəqəmlər deyil. Burada insan üçün əsas sual mağazaya girərkən qiymətin nə qədər artıb və bundan sonra nə qədər artacağıdır. Və bir çox hallarda verilən proqnozlar üst-üstə düşmür. Bu da təbiidir, bu iqtisadi modelin strukturundan çox şey asılıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı mövcuddur, Azərbaycanın özünəməxsus gömrük sistemi var:

“Məsələn, biz inflyasiyanı hansı formada hiss edirik? Bir çox inflyasiyanı biz idxal edirik. Yəni xarici bazarlarda qiymət bahalaşdıqca bu, avtomatik bizim bazarımıza da təsir edir – ona görə ki, idxaldan asılı ölkələrdənik. Azərbaycan sərhədinə daxil olan məhsullar üçün gömrük rüsumlarının müəyyən edilməsində 6 qiymətləndirmə üsulu var. Birincisi, sövdələşmə qiymətlərinə uyğun olaraq müəyyənləşdirilir və nədənsə həmişə ehtiyat üsulu seçilir. Yəni Azərbaycandakı bazar qiymətlərinə uyğun idxalçıya bəyannamə yazdırılır ki, get filan qiyməti yaz və sən onun idxal vergisini ödə, əlavə dəyər vergisini ödə və əməliyyat xərclərini ödə. Yəni biri var 2 manatın 40%-ni ödəyəsən, biri var 8 manatın 40%-ni ödəyəsən.

Xaricdə bir məhsul bahalaşanda, həmin məhsul Azərbaycana gələnə qədər də onun qiymətinə əlavə xərclər yığılır. Məsələn, gömrük ödənişləri, daşınma və logistika, saxlama, işçi xərcləri, vergilər və s. Buna görə məhsulun son qiyməti daha da artır”.

A.İbrahimov nəzərə çatdırıb ki, hazırda 2026-cı ilin yanvar-avqust ayları ilə bağlı illik inflyasiya rəsmi rəqəmlərdə 5.7% təşkil edib:

“Ona görə də 2-3%-lik illik inflyasiya ssenarisinin reallaşması üçün ilin qalan hissəsində qiymət artımının ciddi şəkildə aşağı düşməsi vacibdir. Ən vacib hissə budur ki, orta inflyasiya göstəricisi hər ailənin xərclərini eyni şəkildə əks etdirmir. Ərzaq, ət, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclər daha sürətlə bahalaşırsa, insanın hiss etdiyi inflyasiya statistik göstəricidən çox-çox yüksək ola bilir. Ona görə də biz hər dəfə inflyasiya neçə faiz olacaq sualını verəndə kompleks araşdırmalar aparmalıyıq. Yəni qiymətləri artıran səbəblər hansılardır və onların qarşısını necə almaq lazımdır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR