Büdcədə yeni sistemə keçilir: Nələr dəyişdirilməlidir?

Nazirlər Kabinetinin “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli qərarında etdiyi dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, vahid büdcə təsnifatının dəyişdirilməsi dövlət vəsaitlərinin hərəkətini daha aydın izləməyə imkan verə bilər və bu, şəffaflıq baxımından müsbət addımdır.
Lakin onun sözlərinə görə, büdcə siyasətinə yalnız texniki dəyişikliklər səviyyəsində yanaşmaq kifayət deyil.
İqtisadçı qeyd edib ki, Azərbaycanda iqtisadiyyat uzun illərdir dövlət büdcəsi və neft gəlirləri hesabına hərəkət edir və bu asılılıq artıq iqtisadi siyasətin əsas problemlərindən birinə çevrilib:
“Bu gün cibimizdə olan hər 100 manatın təxminən 92 manatının neft pulları ilə əlaqəli olması kimi bir asılılıqdan danışırıqsa, burada söhbət sadəcə büdcə gəlirlərindən getmir. Söhbət iqtisadi modeldən gedir. Ölkənin əsas gəlir mənbəyi təbii resurslar olduqda büdcə genişlənir, dövlət xərcləri artır, amma qeyri-neft iqtisadiyyatının öz hesabına böyüməsi zəifləyir. Belə vəziyyətdə dövlət iqtisadiyyatın əsas maliyyə mənbəyinə çevrilir”.

Onun sözlərinə görə, nəticədə dövlətin üzərində getdikcə daha çox yük yaranır:
“Sosial ödənişlər, infrastruktur, dövlət qurumlarının saxlanılması, investisiya layihələri, dövlət müəssisələri və müxtəlif proqramlar böyük maliyyə tələb edir. Xərclər artdıqca büdcəyə daxil olan vəsaitin kifayət edib-etməməsi daha ciddi əhəmiyyət daşıyır. İndi də əsas diqqət mövcud pulun müxtəlif istiqamətlər arasında necə bölüşdürülməsinə yönəlir. Halbuki uzunmüddətli yanaşma iqtisadiyyatın daha çox gəlir yaratmasına şərait yaratmaq olmalıdır”.
İqtisadçı hesab edir ki, fiskal siyasətdə xərclərin həcmi ilə yanaşı, onların nəticəsi də əsas götürülməlidir:
“Dövlət qurumlarına ayrılan vəsaitin nə qədər iqtisadi fayda yaratdığı, dövlət müəssisələrinin büdcədən aldığı maliyyənin hansı nəticə verdiyi, iri layihələrə qoyulan investisiyanın iqtisadiyyata nə qədər əlavə gəlir gətirdiyi ölçülməlidir. Bu göstəricilər olmadan büdcə xərclərinin artması avtomatik olaraq iqtisadi inkişaf demək deyil”.
A. İbrahimovun fikrincə, yeni təsnifat bu istiqamətdə müəyyən imkanlar yaradır:
“Pulun hansı quruma və hansı fəaliyyət sahəsinə yönəldiyini daha dəqiq görmək mümkün olacaq. Amma bundan sonra daha vacib mərhələ başlayır: ayrılan vəsaitin nəticəsi ölçülməlidir. Büdcə nə qədər böyükdür sualından daha çox, həmin büdcənin iqtisadiyyata nə qədər əlavə dəyər yaratdığına diqqət verilməlidir”.
İqtisadçı deyib ki, Azərbaycanın əsas fiskal hədəfi büdcəni hər il böyütmək yox, iqtisadiyyatın büdcədən və neft gəlirlərindən asılılığını azaltmaq olmalıdır:
“Bunun üçün özəl sektorun imkanları genişlənməli, rəqabət güclənməli, qeyri-neft sahələrində məhsuldarlıq və əlavə dəyər artmalıdır. Əks halda xərcləri idarə etmək üçün nə qədər yeni mexanizm yaratsaq da, əsas problem yerində qalacaq: iqtisadiyyat kifayət qədər gəlir yaratmır, dövlət isə yaranan boşluğu büdcə hesabına bağlamağa çalışır”.
İradə Elsevər






