Beynəlxalq tədbirlərin iqtisadi tərəfi: "Azərbaycanın turizm potensialı artır"

Beynəlxalq tədbirlərin iqtisadi tərəfi: "Azərbaycanın turizm potensialı artır"
Kateqoriya məlum deyil
T

Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayında kəskin artım müşahidə olunur. İdman, iqtisadiyyat, siyasət, sosial və mədəniyyət kimi bir çox fərqli sahələri əhatə edən bu platformalar, həmçinin ölkəmizə çoxlu sayda əcnəbi qonağın gəlməsinə şərait yaradır. Ekspertlər qeyd edirlər ki, belə irimiqyaslı layihələrin keçirilməsi öz spesifik məqsədləri ilə yanaşı, həm də iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır.

Turizm eksperti Ceyhun Aşurov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan böyükmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından artıq kifayət qədər zəngin təcrübəyə malikdir.

Ekspert qeyd edib ki, əvvəlki illərdə təşkil olunan beynəlxalq tədbirlər, xüsusilə də "Formula 1" yarışları Azərbaycanın dünyada cəlbedici turizm destinasiyası kimi tanınmasına ciddi təkan verib. Onun sözlərinə görə, son illərdə "Formula 1" yarışlarına biletlərin böyük qisminin məhz əcnəbilər tərəfindən alınması və yarış günlərində paytaxtda müşahidə olunan turist axını bunun bariz göstəricisidir.

C.Aşurovun fikrincə, bu cür tədbirlər xarici auditoriyanın Azərbaycan haqqında daha geniş məlumat əldə etməsinə, ölkəyə marağın və internet axtarışlarının artmasına münbit şərait yaradır:

“Belə iri tədbirlərin keçirilməsi regional gərginliklərin mövcud olduğu bir dövrdə ölkədəki daxili sabitliyin və yüksək təhlükəsizliyin göstəricisi kimi çıxış edir. Təhlükəsizlik və sabitlik isə turistlər üçün ən vacib şərtlərdəndir. Beynəlxalq tədbirlərin il ərzində təqvim üzrə düzgün bölüşdürülməsi turistlərin Azərbaycana ilboyu səfər etməsinə, eləcə də ölkənin daha çox tanınmasına imkan verə bilər”.

Ekspert 2026-cı ilin turizm sektoru üçün sınaq ili olduğunu və statistik göstəricilərdə müəyyən azalma müşahidə edildiyini də diqqətə çatdırıb. O hesab edir ki, 2026–2030-cu illəri əhatə edən turizmin inkişaf proqramında nəzərdə tutulan bəndlərin gələn ildən etibarən mərhələli şəkildə həyata keçirilməsi sektorda ciddi və müsbət dəyişikliklərə səbəb ola bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR