Azərbaycanda neçə bank fəaliyyət göstərməlidir? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda iki bankın birləşməsi nəticəsində fəaliyyət göstərən bankların sayının 20-yə enəcəyi gözlənilir.
Bu isə ölkənin bank sektorunda rəqabət mühitinin və bankların sayının nə qədər optimal olduğu məsələsini yenidən gündəmə gətirir.
Bəs Azərbaycanda hazırkı pul-kredit bazarının vəziyyəti nəzərə alınmaqla bankların sayı nə qədər olmalıdır? Bankların birləşməsi sektorun dayanıqlığının gücləndirilməsinə xidmət edirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənov bildirib ki, bankların sayının çox və ya az olması ilə bağlı universal meyar yoxdur.

“Əsas məsələ sağlam rəqabətin olmasıdır. Azərbaycanda isə bununla bağlı problemlər var. Bir neçə iri, sistem əhəmiyyətli bank bank sektorunun böyük hissəsinə nəzarət edir. Belə şəraitdə kiçik və orta bankların inkişaf etmək imkanları məhdudlaşır”, – ekspert qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, iri bankların üstün mövqeyində onların müxtəlif dövlət ödənişləri və layihələrində əsas rol oynaması da təsirlidir.
Pensiya və əməkhaqqı ödənişləri ilə yanaşı, bir sıra dövlət layihələri də iri banklar vasitəsilə həyata keçirilir. İqtisadçı qarşıdakı bank birləşməsinə də toxunaraq bunun klassik mənada birləşmə olmadığını bildirib.
Onun fikrincə, AccessBank-ın Bank Respublika-ya qoşulması daha çox bir bankın digərinin tərkibinə keçməsi kimi qiymətləndirilə bilər.
“Bu, əslində birləşmə deyil, qoşulmadır. "AccessBank" Bank Respublika-ya qoşulur. Halbuki birləşmə zamanı bir neçə bank bərabərhüquqlu şəkildə bir araya gələrək yeni bank yarada bilər. Vaxtilə "Bank of Baku", "UniBan" və "Kapital Bank" kimi bankların formalaşması proseslərində də belə nümunələr olub. Bir neçə bankın birləşərək daha böyük bank yaratması inkişaf göstəricisi sayıla bilər. İndiki proses isə fərqlidir”, – Ə.Həsənov vurğulayıb.
Ekspertin fikirlərindən belə nəticə çıxır ki, bank sektorunda əsas məsələ bankların sayından daha çox, bazarda rəqabətin səviyyəsi və kiçik və orta bankların inkişaf imkanlarının qorunmasıdır.
Qeyd edək ki, 11 sentyabr 2026-cı il tarixində "AccessBank" və "Bank Respublika"arasında bizneslərin birləşdirilməsi ilə bağlı razılaşma rəsmiləşib. Həmin tarixdə hər iki bankın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Firuzə Əliyeva






