Tikintidə zəifləmə iqtisadi artımı ləngidir: Çıxış yolu nədir?

Tikinti sektorunda geriləmə qeyri-neft-qaz sektorunun artım tempinə azaldıcı təsir göstərir. Sektorda 12 faizdən çox azalma fonunda qeyri-neft-qaz sahələrində yaradılan əlavə dəyərin artımı 2,1 faizlə məhdudlaşıb.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, tikinti sektorundakı geriləmənin əsas səbəblərindən biri dövlətin tikinti xərclərini azaltmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın təmin edilməsində dövlət xərclərinin rolu hələ də böyükdür:
“Dövlət tikinti xərclərini azaldıb deyə, bu göstərici aşağı düşüb. Amma dövlətin davamlı olaraq tikinti işlərinə daha çox vəsait ayırması dayanıqlı model deyil. Neft Fondundan götürüləcək vəsaitin də müəyyən limiti var”.

İqtisadçı qeyd edib ki, tikintinin dövlət hesabına genişləndirilməsi uzunmüddətli iqtisadi inkişaf üçün effektiv həll yolu sayıla bilməz. Onun fikrincə, əsas məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi və özəl sektorun iqtisadiyyatda daha böyük rol alması olmalıdır:
“İqtisadiyyatda qeyri-neft sektoru inkişaf etməlidir. İnsanlar varlanmalıdır, şirkətlər varlanmalıdır ki, özləri tikməyə başlasınlar. Qeyri-neft sektoru zəif inkişaf etdiyi üçün, insanlar və sahibkarlar kifayət qədər güclənmədiyinə görə bütün yük dövlətin üzərində qalır”.
İqtisadçı hesab edir ki, davamlı iqtisadi artım üçün dövlət xərclərinin artırılmasından daha çox qeyri-neft sektorunun gücləndirilməsinə, sahibkarlığın daha da inkişafına və qeyri-neft ixracının artırılmasına üstünlük verilməlidir.
İradə Elsevər






