Azərbaycanın ilk arıçılıq muzeyindən reportaj – FOTOLAR

Azərbaycanda ilk arıçılıq muzeyi Lənkəranda açılıb.
Sfera.az xəbər verir ki, ilk muzey 2026-cı ilin iyunun 16-dan “Balçı Səyavuş” adı altında fəaliyyət göstərməyə başlayıb. Muzeyin yaradılması ideyası isə 2015-ci ildən innovativ arıçılıqla məşğul olan təsərrüfat rəhbəri Səyavuş Yaqubova məxsusdur.
Dövlət Turizm Agentliyinin təşkil etdiyi Lənkəran mediaturu çərçivəsində jurnalistlər Şovu kəndində yerləşən “Balçı Səyavuş” Arıçılıq Muzeyində olublar.

Muzeyə daxil olan ziyarətçilərin qarşılaşdığı ən maraqlı nümunələrdən biri arıların pətəyin içindəki fəaliyyətini birbaşa izləməyə imkan verən şüşə pətəkdir. Burada arıların pətək üzərində hərəkəti, çərçivələr arasında fəaliyyəti və arı ailəsinin gündəlik həyatı müşahidə olunur. Muzeyin rəhbəri Səyavuş Yaqubov bildirib ki, canlı arı guşəsi ziyarətçilərə arıların gündəlik fəaliyyətini yaxından görmək imkanı yaratmaq üçün hazırlanıb.

Ekspozisiyada isə arıçılığın bugünkü formasına keçməzdən əvvəl istifadə edilən müxtəlif pətək nümunələri diqqət çəkir.
Səyavuş Yaqubov qeyd edib ki, muzeyin ekspozisiyası gələcəkdə müasir arıçılıq eksponatları ilə daha da genişləndiriləcək.

Muzeydə arıçılığın tarixini göstərən eksponatlarla yanaşı, müasir dövrün texnologiyaları da yer alır. Burada ana arının saxlanılması üçün hazırlanmış inkubator və arıçılıqda istifadə edilən smart tərəzi kimi nümunələr təqdim olunur. Smart tərəzi pətəyin altına yerləşdirilir və məsafədən onun çəkisi, temperaturu, rütubəti və digər göstəriciləri izləməyə imkan verir.
S.Yaqubovun sözlərinə görə, hazırda sistem sınaq mərhələsindədir, gələcəkdə isə bunun üçün mobil tətbiq və proqram təminatının hazırlanması nəzərdə tutulur. Məqsəd arıçılar üçün məlumat bazası yaratmaq və məhsulların satış imkanlarını genişləndirməkdir.

Muzeyin qarşısındakı arıxanada isə artıq eksponat yox, real arı ailələri var. Muzeyin rəhbəri deyib ki, burada ziyarətçilər arı ailəsinin həyatını yaxından müşahidə etməklə yanaşı, balın əldə olunması və arıçının gündəlik işi barədə də məlumat ala bilirlər.
Burada arıçılığın yalnız baldan ibarət olmadığı da nümayiş etdirilir. Təsərrüfatda propolis, arı südü, güləm, çiçək tozu və digər arıçılıq məhsulları hazırlanır və təqdim olunur. Muzeydə yalnız öz təsərrüfatlarında istehsal olunan məhsullar satışa çıxarılır.

Məkanın daha fərqli tərəflərindən biri isə “arı havası” terapiyasıdır. Bunun üçün xüsusi pətək sistemi hazırlanıb. Balçı Səyavuş söyləyib ki, bu layihə onların müəllif işidir və gələcəkdə sağlamlıq mərkəzlərində tətbiq olunması təklif edilib. O, həmçinin arı məhsullarına allergiyası olan şəxslərə apiterapiyadan istifadə etməyi tövsiyə etmədiklərini qeyd edib.
Beləliklə, Lənkərandakı bu məkan arıçılığı sadəcə vitrində göstərmir. Burada ziyarətçi qədim pətəkdən canlı arı ailəsinə, oradan da smart texnologiyalara qədər bu sahənin keçdiyi yolu bir məkanda görə bilir.
İradə Elsevər
















