Neftin kəskin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ və İran arasında hərbi qarşıdurmadan sonra Hörmüz boğazı tam bağlanıb.
Artıq heç bir ölkə neft sata bilmir. Bu vəziyyətdə neft bahalaşır, amma bu bahalaşma 2026-cı ilin əvvəlində olduğu qədər yüksək deyil.
Xatırladaq ki, mart ayında “Brent” neftinin qiyməti 115 dolları ötmüşdü. Amma hazırda 100 dollardan aşağıdır.
Neftin bu dəfə kəskin bahalaşmamasının səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, neft bazar artıq bu riskə əvvəlcədən hazırdır.
Onun sözlərinə görıə, mart ayında ABŞ-İran müharibəsi yeni başlamışdı və bazar üçün bu müharibə gözlənilməz oldu. Ona görə qiymətlər çox sürətlə yüksəldi. Həmin dövrdə “Brent” 120 dollara yaxınlaşmışdı, indi isə vəziyyət bir qədər fərqlidir:

“Artıq bazar bu böhranın içindədir. Həm alıcılar, həm də satıcılar alternativ imkanları daha yaxşı hesablayırlar. İkinci mühüm amil strateji neft ehtiyatlarıdır. Böyük ölkələr bazarda kəskin çatışmazlığın qarşısını almaq üçün ehtiyatlardan neft buraxa bilirlər. Məsələn, bu il böyük iqtisadiyyatlar yüz milyonlarla barel həcmində ehtiyatların bazara çıxarılması barədə qərar verib. Bu, qiymətin daha kəskin sıçramasının qarşısını alan mühüm tampon rolunu oynayır. Üçüncü məsələ isə tələbin özüdür. Neftin qiyməti yalnız təkliflə müəyyən olunmur. İqtisadi artım zəifləyirsə, sənaye və daşımalar daha az neft istehlak edirsə, bazarda yaranan təklif çatışmazlığının qiymətə təsiri də müəyyən qədər azalır. Dördüncü amil odur ki, Hörmüzdən keçən neftin hamısı dünya bazarından birdəfəlik yox olmayıb. Regiondakı bəzi ölkələr ixrac marşrutlarını dəyişməyə və nefti alternativ yollarla çıxarmağa çalışırlar. Bu imkanlar məhdud olsa da, bazardakı şoku müəyyən qədər yumşaldır”.
İqtisadçı qeyd edib ki, neft bazarında qiymətlər əslində hərbi qarşıdurmaya görə dalğalanmır:
“Münaqişənin nə qədər davam edəcəyi burada əsas amildir. Belə görünür ki, mart ayında baş verən müharibədən sonra bazar iştirakçıları münaqişənin uzun müddətli olacağına inanmırlar. Əgər investorlar düşünürlərsə ki, qarşıdurma müəyyən müddətdən sonra səngiyəcək və Hörmüzdə hərəkət bərpa olunacaq, onlar neftin qiymətini yuxarı qaldırmırlar. Düzdür, hazırda “Brent” 100 dollar ətrafında olsa da, bazarda daha yüksək qiymət riski hələ də qalır. Əgər Hörmüzdə vəziyyət uzun müddət davam edərsə və alternativ marşrutlar kifayət etməzsə, ehtiyatların azalması ilə birlikdə qiymətlər yenidən daha yüksək səviyyələrə qalxa bilər. Yəni hər şey müharibənin və boğazdakı məhdudiyyətlərin nə qədər davam edəcəyindən asılıdır”.
Firuzə Əliyeva






