Lənkəranın tarixini əks etdirən nadir eksponatlar - FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lənkəranda keçirilən media turu çərçivəsində jurnalistlər şəhərin tarixi-mədəni irsini yaxından tanımaq imkanı əldə ediblər.
Sfera.az xəbər verir ki, media turun iştirakçıları M.A. Əliyev adına Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Tarixi abidə olan və 1913-cü ildə inşa edilən Mir Əhməd xanın evində yerləşən muzey 1978-ci ildən bu fəaliyyətini davam etdirir. Üç mərtəbədən və 12 otaqdan ibarət muzeydə 6 mindən çox eksponat qorunur.
Jurnalistlərə Lənkəranın müxtəlif tarixi dövrlərini əks etdirən eksponatlar təqdim olunub. Muzeyin ekspozisiyasında arxeoloji tapıntılar, etnoqrafik nümunələr, milli geyim və məişət əşyaları, qadın bəzəkləri, silahlar, xalq tətbiqi sənət nümunələri, tarixi sənədlər və fotoşəkillər yer alır.
Muzeydə nümayiş etdirilən eksponatlar arasında qədim dövrlərə aid əmək və məişət alətləri, silahlar, qadın zinət əşyaları və keramika nümunələri xüsusi diqqət çəkir.
Muzeyin direktoru Leyla Məcidova bildirib ki, kolleksiyada daş dövrünə aid həvəngdəstə, çəkic və sümükdən hazırlanmış bıçaqlar, həmçinin tunc dövrünə aid əşyalar da var.
Media turu zamanı jurnalistlərin diqqətini çəkən digər nümunələr arasında ənənəvi toxuculuq və geyim əşyaları, qədim məişət predmetləri, qrammofon və telefon kimi keçmiş dövrün texniki vasitələri də olub. Bu eksponatlar Lənkəranda müxtəlif dövrlərdə insanların gündəlik həyat tərzi barədə təsəvvür yaradır.
Muzeydə Lənkəranın xanlıqlar dövrü də ayrıca təqdim olunur. Ekspozisiyada Mir Əhməd xan və onun ailəsi ilə bağlı əşyalar, eləcə də bölgənin tarixi şəxsiyyətlərinə dair materiallar nümayiş etdirilir. Muzeyin ekspozisiyası təbiət, qədim dövr, orta əsrlər, yeni dövr, ən yeni və müasir dövr olmaqla müxtəlif tarixi mərhələləri əhatə edir.
Maraqlı məqamlardan biri də muzeyin özünün yerləşdiyi binadır. Mir Əhməd xanın evi Lənkəranın memarlıq baxımından seçilən tarixi tikililərindən biridir. 1913-cü ildə inşa edilən üçmərtəbəli binanın sahəsi 812 kvadratmetrdir və həmin dövrdə burada elektrik enerjisindən istifadə olunurdu.
Media turunun keçirilməsində məqsəd Lənkəranın tarixi-mədəni irsinin, turizm imkanlarının və bölgənin turistlər üçün maraq doğuran məkanlarının media nümayəndələrinə təqdim olunmasıdır.
İradə Elsevər
















