Bəzi mənzillər ucuzlaşır - Bazarda reallıq dəyişir

Bakı və Abşeronun daşınmaz əmlak bazarında ümumi tendensiya bahalaşma yönümlü olsa da, bəzi ərazilərdə, müəyyən mənzil tiplərində qiymət durğunluğu və hətta enmələr müşahidə olunur.
Sfera.az xatırladır ki, 2022-ci ildən başlayaraq Azərbaycanda, xüsusən də Abşeron bölgəsində daşınmaz əmlak qiymətlərində artım sürəti güclənib.
Qiymətlər 2021-ci ilin sonunda 3,8 faiz artdığı halda, 2022-ci ildə 6 faiz, 2023-cü ildə 10 faiz, 2024-cü ildə 10 faiz, 2025-ci ildə 12,2 faiz yüksəlib.2026-cı ilin birinci yarısında isə qiymətlər daha 8 faiz artıb. Ümumilikdə, 2022–2026-cı illərdə mənzil bazarında qiymət artımının sürəti 55 faizi ötüb.
Qiymətlərin həddən artıq yüksəlməsi daşınmaz əmlak bazarının cəlbediciliyini artırsa da, son aylarda baş verən dəyişikliklər sərmayə qoyuluşunda ehtiyatlı davranışları artırıb. Artıq investorlar, mənzil almaq istəyənlər daha ölçülü davranırlar. Bunun nəticəsində bəzi mənzillərin qiymətində nəinki artım sürəti zəifləyib, əksinə, qiymət enmələri baş verir.
Bəs bəzi ərazilərdə ucuzlaşmalara səbəb olan nədir?
Bazarda qiymətlərin enməsinə səbəb olan birinci əsas amil daşınmaz əmlak alqı-satqısının tamamilə nağdsız formaya keçməsidir. Nağ ödənişlərin mümkün olmaması mənzil almaq üçün dövr edən pul kütləsini azaldıb. Bu hal bazarda alıcılıq qabiliyyətinə mənfi təsir edib.
İkinci mühüm yenilik İpoteka Fondunun və bankların kreditləşmə şərtlərini sərtləşdirməsidir. Tələblərin sərtləşdirilməsi alıcı kütləsinin bir hissəsini bazardan çıxarıb.
Bundan başqa, "Xruşşov", "Stalin" və "Fransız" layihəli köhnə sovet binalarının ipoteka yolu ilə alınmasına bankların kredit ayırmaması və ya az kredit ayırması müşahidə edilir. Bu binalara ipoteka krediti verməkdən imtina edilməsi və ya şərtlərin ağırlaşdırılması köhnə fondda tələbi sürətlə azaldır və qiymətləri aşağı çəkir.
Paytaxtda həyata keçirilən "Pilot Layihələr" və qəzalı binaların sökülməsi prosesi də köhnə binalara olan etibarı zəiflədib. Alıcılar gələcək söküntü qorxusu və qeyri-müəyyənliyə görə belə mənzillərdən yayınırlar.
Mənzil bazarında bəzi ərazilərdə qiymətlərin düşməsinə təsir edən amillər arasında satışa çıxarılan yeni mənzillərin sayının artması da var. Bəzi ərazilərdə, xüsusən də Masazır, Xırdalan və Yeni Yasamalda təklif tələbi üstələyib. Buralarda yolların tıxaclı olması, su, kanalizasiya və qaz təminatındakı fasilələr satışa çıxarılan mənzillərin cəlbediciliyini azaldır. Təcili nağd pul ehtiyacı olan tikinti şirkətləri və ya fərdi şəxslər buralardakı mənzillərin qiymətlərində ciddi güzəştlər edirlər.
Əvvəlki illərdə yalnız qazanc məqsədilə alınan və daxilində yaşayış olmayan (təmirsiz və ya kirayə verilməyən) mənzillərin bəzilərinin qiymətində də enmə var. Bu mənzillərin sahibləri əlavə kommunal xərclərdən və vergi yükündən qaçmaq üçün həmin mənzilləri satışa çıxarırlar ki, bu da qiymətlərə azaldıcı təsir edir.
Nəhayət, əhalinin alıcılıq qabiliyyətinin mənzil bazarındakı qiymət səviyyəsi ilə müqayisədə aşağı olması da bazarda tələbi zəiflədir. Alıcılıq qabiliyyəti bu qiymətlərlə ayaqlaşa bilmədiyi üçün bazarda durğunluq yaranır və satıcılar bazar reallığı ilə barışaraq qiymətləri endirməyə başlayırlar.
Bazar iştirakçıları hesab edirlər ki, bu il qiymətlərdəki ümumi artım təkrəqəmli olacaq, növbəti illərdən isə qiymətlərin artım sürəti bir qədər də enəcək.
Vasif






