Banklar əmanətlərə "doyub" - Faizlər aşağı salınır

Son aylarda banklar manatla qoyulan əmanətlərin faizlərini aşağı salıb. Dövlətin sığortaladığı ən yüksək faiz dərəcəsi 12% olsa da, hazırda heç bir bank bu faizlə depozit qəbul etmir. Hətta əksər banklar müştərilərə 11% belə vermir.
Bəs manat əmanətlərinin faizlərinin aşağı düşməsinə səbəb nədir?
Sfera.az-a bu məsələ ilə bağlı bank eksperti Emin Kərimov bildirib ki, bankların depozit siyasəti və təyin etdiyi faizlər bir çox səbəblərdən asılıdır.
Ekspertin sözlərinə görə, bura təsir edən ilk əsas səbəb bankın üzərinə götürdüyü öhdəliklərin həcmidir:
"Depozit bank üçün bir öhdəlikdir. Bank cəlb etdiyi vəsaitə görə əmanətçinin qarşısında öhdəlik götürür. Hər bir bankın öz qazancından, öhdəliklərindən və gələcək planlarından asılı olaraq, nə qədər depozit qəbul edəcəyi əvvəlcədən müəyyən olunur”.

E.Kərimov qeyd edib ki, bankçılıqda "depozitlə doyma əmsalı" deyilən bir qayda var:
“Bank insanlardan depozit toplayır, yaxud digər banklardan və qurumlardan kredit və ya əmanət formasında vəsait cəlb edir. Sonra isə bu pulları başqa şəxslərə kredit kimi verir. Bu zaman bank verdiyi kreditin daxilində əhalidən yığılan depozitlərin, digər banklardan alınan pulların və ya borcların payını, müddətini, məbləğini və faizini hesablayır. Beləliklə, kreditin banka başa gəlmə qiyməti (maya dəyəri) formalaşır və satış buna uyğun aparılır. Əgər bir bank depoziti aşağı faizlə qəbul edirsə, bu o deməkdir ki, həmin bankda artıq kifayət qədər depozit portfeli var və lazımi qədər öhdəlik yaranıb. Ona görə də bank faizi azaltmaqla pulların həddindən artıq axınının qarşısını almağa çalışır. Çox vaxt kredit faizlərinin də aşağı düşdüyünü görürük. Təbii ki, kredit faizləri azaldıqca bankın gəlirləri də azalır. Belə vəziyyətdə bank gəlirliliyinin aşağı düşməsini nəzərə alaraq, məcburi şəkildə depozit faizlərini də aşağı salır".
Ekspert həmçinin əlavə edib ki, yığılan əmanətlərin müqavilə müddəti və iqtisadi risklər də faizlərə birbaşa təsir göstərir:
"Əmanət müqaviləsinin vaxtı uzandıqca, verilən faizlər də artır. Çünki depozitlərlə kreditlər bir-biri ilə sıx bağlıdır. Bank öz qazancını planlaşdırarkən və kredit faizlərini təyin edərkən yaxın üç ildə baş verə biləcək hadisələri, ölkə və dünya iqtisadiyyatındakı gedişatı qabaqcadan təxmin edir. Bu hesablamaların daxilində, əlbəttə ki, müştərilərə qaytarılacaq əmanətlərin faizləri də var. Yəni depozit faizləri bankın gəlirlilik meyarı və öhdəlikləri nəzərə alınaraq təyin olunur”.
Bəsti Rəfizadə






