Tarlada 1 manat, marketdə 4 manat: Məhsulun qiyməti harada şişir?

Tarlada 1 manat, marketdə 4 manat: Məhsulun qiyməti harada şişir?
Kateqoriya məlum deyil
T

Kənd təsərrüfatı məhsullarının tarladan market rəflərinə qədər keçdiyi mərhələlərdə qiyməti əhəmiyyətli dərəcədə artır. İstehsalçının 1 manata satdığı məhsulun mağazada 3-4 manata təklif olunması qiymət formalaşmasında aralıq mərhələlərin və əlavə xərclərin rolunu gündəmə gətirir.

Tarla ilə pərakəndə satış arasında kəskin fərqin olması hər zaman suallar doğurub.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, məhsulun tarladan istehlakçıya çatana qədər keçdiyi hər mərhələdə müəyyən xərclər formalaşır.

Ekspert qeyd edib ki, məhsul tarladan çıxdıqdan sonra yığılma, çeşidlənmə, qablaşdırma, saxlanma və daşınma kimi mərhələlərdən keçir. O bildirdi ki, xüsusilə tez xarab olan meyvə-tərəvəzlərdə məhsul itkisi də son qiymətə təsir göstərir.

A.Nəsirli deyib ki, məhsulun uzaq rayonlardan Bakıya və digər şəhərlərə daşınması zamanı yanacaq, nəqliyyat, sürücü, logistika və bəzi hallarda soyuducu sistemlər üçün əlavə də xərclər yaranır:

"Topdansatış mərhələsində də qiymətə müəyyən marjanın əlavə edilir. Məhsulu fermerdən alan tədarükçü onu çeşidləyir, saxlayır və müxtəlif satış nöqtələrinə bölüşdürür. Bu mərhələdə yaranan xərclərlə yanaşı, mənfəət də qiymətə əlavə olunur".

Ekspertin fikrincə, pərakəndə satış zamanı marketlərin də əməkhaqqı, icarə, elektrik enerjisi, logistika, məhsul itkisi, qablaşdırma və digər xərcləri olur. Bununla belə A.Nəsirli tarlada 1 manat olan məhsulun marketdə 3-4 manata satılmasının yalnız bu xərclərlə izah etməyin mümkün olmadığını dedi:

"Əsas məsələ məhsulun qiymətinin hansı mərhələdə və nə qədər artdığının müəyyənləşdirilməsidir. Bəzi məhsullarda əsas artım topdansatış mərhələsində, digərlərində isə pərakəndə satış zamanı baş verə bilər. Fermerlərin bazarlıq gücünün zəif olması da qiymət fərqinin yaranmasına təsir edən amillərdəndir. Xüsusilə tez xarab olan məhsulların istehsalçıları məhsulu qısa müddətdə satmağa məcbur olduqları üçün alıcı qarşısında qiyməti diktə etmək imkanlarını itirirlər".

İqtisadçı hesab edir ki, fermerlərin kooperasiyası, anbar və soyuducu komplekslərinin artırılması, birbaşa satış kanallarının inkişaf etdirilməsi və istehsalçı ilə marketlər arasında uzunmüddətli müqavilələrin genişləndirilməsi qiymət fərqinin azalmasına kömək edə bilər:

"Kənd təsərrüfatı məhsullarının qiymət zəncirinin şəffaflaşdırılması da vacibdir. Tarlada 1 manata satılan məhsulun marketdə 3-4 manata qədər bahalaşmasının səbəbini müəyyən etmək üçün məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi bütün mərhələlər üzrə qiymət və xərclər ayrıca təhlil edilməlidir".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR