Xətlərin ayrılması metrodakı sıxlığı azaltdı – RƏQƏMLƏR

Bakı metrosunda xətlərin ayrılması layihəsinə başlanılandan sonra sərnişin axınında azalma qeydə alınıb. Avqust ayında metronun müxtəlif sahələrində sərnişin gedişlərinin sayında əvvəlki dövrlə müqayisədə ciddi dəyişiklik müşahidə olunub.
Maraqlıdır, xətlərin ayrılması layihəsi sərnişindaşımaya nə qədər təsir edib, sərnişin axınında neçə faiz azalma qeydə alınıb?
Məsələ ilə bağlı Sfera.az "Bakı Metropoliteni" QSC-yə sorğu göndərib.
Qurumdan sorğuya cavab olaraq bildirib ki, layihənin sərnişindaşımaya təsirinin qiymətləndirilməsi məqsədilə müvafiq statistik məlumatların müqayisəli təhlili davamlı aparılır:
“Avqustun ilk 9 günü ilə ayın 15-dən sonrakı 9 gününün müqayisəsinə əsasən, Qırmızı xəttin “28 May-Əhmədli” sahəsində sərnişin gedişlərinin sayında 14,9 faiz, Yaşıl xəttin “Dərnəgül-Nizami” sahəsində isə 49 faiz azalma müşahidə olunub. Lakin sərnişindaşımada mövsümi amillər xüsusi rol oynayır. Belə ki, ötən illərdə sərnişin axını iyul-avqust aylarında azalan tendensiya müşahidə olunur”.
Məlumatda qeyd olunub ki, 2026-cı ilin avqust ayının geridə qalan dövründə sərnişin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azalıb:
“Bu göstərici xətlərin ayrılması layihəsinin təsiri səbəbindən hazırda qeydə alınan maksimal azalma hesab edilə bilər. Həmçinin Bakı metropoliteninin sərnişindaşıma proqnozları və müvafiq fəaliyyət planları hazırlanarkən xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişin axınında baş verə biləcək dəyişikliklər nəzərə alınıb”.
Bəsti Rəfizadə






