Azərbaycana iki xoş xəbər birdən – Pensiya və maaşlar artır?

Dünya bazarında neft və qızılın qiyməti artır. Bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına müsbət təsiri istisna edilmir. Xüsusilə neftin bahalaşmasının ölkəyə əlavə gəlir gətirəcəyi vurğulanır.
Bəs bu artımlar Azərbaycanda iqtisadi fəallığa və vətəndaşlara necə təsir edəcək?
Sfera.az bildirir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, bu il neft ixracından əldə etdiyimiz gəlirlər kifayət qədər çoxdur:
“Qızılın da bu ixracda payı yüksəkdir. İxrac məhsullarının ölkə üçün əhəmiyyətini nəzərə alsaq, onların qiymətinin artması bizim üçün müsbət haldır. Bu, təbii ki, həmin məhsullar hesabına vergi və gömrük ödənişlərinin artmasına da təsir göstərir”.
E.Qəribli bildirib ki, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər büdcənin mühüm gəlir mənbələrindən biridir:
“Neftin qiymətinin artması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məsələn, bu il hətta neft ixracımızın həcmi azalsa da, qiymət artımı hesabına neft ixracından əldə etdiyimiz gəlirlər artıb. İxracın dəyəri və qiymətlər artdıqca ölkənin valyuta və qızıl ehtiyatları da artır. Buna uyğun olaraq sosial ödənişlər həyata keçirilir, sosialyönümlü siyasət reallaşdırılır, maaş və pensiyalarda artımlar olur”.
Ekspertin sözlərinə görə, neft və qızılın bahalaşması iqtisadi təhlükəsizliyimiz baxımından da vacibdir:
“Çünki bir çox vətəndaşın, xüsusilə də dövlət sektorunda çalışan insanların maaşları büdcə hesabına formalaşır. Təbii ki, neftin qiymətinin artımı növbəti büdcələrdə də nəzərə alınır. Gəlirlər artarsa, bu, dövlət sektorunda çalışan insanların gəlirlərinə də təsirini göstərir”.






