Mənzil almaq üçün ən əlverişli aylar hansıdır? - Ekspert AÇIQLADI

Mənzil almaq üçün ən əlverişli aylar hansıdır? - Ekspert AÇIQLADI
Kateqoriya məlum deyil
T

Daşınmaz əmlak bazarında mövsümi qiymət dəyişiklikləri müşahidə olunur. Yay aylarının başa çatması ilə kirayə bazarında qiymət artımı, satış seqmentində isə aktivləşmə başlayıb. Bu da mənzil qiymətlərinə təsir göstərir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, kirayə və satış bazarları bir-biri ilə əlaqəli olduğundan bir seqmentdə baş verən dəyişiklik digərinə də təsir edir.

Onun sözlərinə görə, avqust və sentyabrın əvvəllərində kirayə bazarında müraciətlərin artması sonrakı mərhələdə satış bazarında da aktivliyin yüksəlməsi ilə müşahidə edilir. V.Oruc söylədi ki, qış aylarında isə bazarlarda müəyyən passivlik baş verir.

Ekspert mənzil almaq üçün daha əlverişli dövrün noyabr ayından mart ayına qədər olan müddət olduğunu da bildirdi. Onun sözlərinə görə, payızın sonu, qış ayları və yazın əvvəllərini əhatə edən bu dövrdə bazara müraciət etməklə daha münasib şərtlərlə mənzil əldə etmək mümkündür.

V.Oruc bildirib ki, bu ilin yay aylarında da bazarda müəyyən sabitlik müşahidə olunub:

“Yaz ayları öncəsində tikinti materiallarının qiyməti artır. Sonradan yay başladığı zaman müəyyən qədər mühit, şərait yaranır, qiymətlər o qədər artmır və sabitləşir. Buna görə də yay aylarında daşınmaz əmlak bazarına müraciət etdikdə, daha ucuz qiymətə mənzillər almaq mümkün idi. İndi artıq o dövrü demək olar ki, yekunlaşdırdıq və qiymətlərin artımı dövrü başlayır”.

Ekspertin sözlərinə görə, torpaq bazarında vəziyyət bir qədər fərqlidir. Torpaq daha uzunmüddətli investisiya istiqaməti olduğundan onun alışını konkret mövsümlə əlaqələndirmək düzgün deyil:

"İnvestor və ya vətəndaş torpağın perspektivini və öz ehtiyaclarını nəzərə alaraq qərar verməlidir".

V.Oruc hesab edir ki, ev almaq üçün yalnız ilin müəyyən aylarını gözləməkdənsə, düzgün əmlak seçmək və sövdələşməni peşəkar şəkildə aparmaq daha məqsədəuyğundur:

“Ev almaq üçün münasib dövrü axtarmaqdansa, onun şərtlərini müəyyən etməliyik. Hər bir işi onun mütəxəssisi həyata keçirməlidir. İstər qiymətləndirmə şirkətləri, istər rieltor şirkətləri, istərsə də fiziki şəkildə bu işlərlə məşğul olan insanlar alqı-satqı prosesində daha aktiv və peşəkardırlar. Bu baxımdan mövsümdən daha çox kimə müraciət etmək və hansı bazara istiqamətlənmək daha məqsədəuyğundur, bunları müəyyənləşdirmək lazımdır”.

AQC sədri qarşıdakı aylarda daşınmaz əmlak bazarında ucuzlaşma gözləmədiyini də bildirib:

“Qarşıdakı aylarda hər hansı ucuzlaşma ehtimal olunmur. Son 5 ili təhlil etsək, görərik ki, elə bir ay yoxdur ki, özündən əvvəlki aydan qiymət artımı səviyyəsinə görə fərqlənməsin. Getdikcə qiymətlər artır və bu davam edəcək. 2026-cı ilin ikinci yarısında da, 2027-ci ildə də daşınmaz əmlakda ancaq qiymət artımından söhbət gedə bilər. Heç bir halda ucuzlaşma olmayacaq”.

Onun sözlərinə görə, alıcılar qiymət artımının daha aşağı templə olduğu dövrlərə üstünlük verə bilərlər:

"Yay aylarında müəyyən passivlik müşahidə olunsa da, bu dövr artıq geridə qalıb".Ekspert bildirib ki, payız və qış aylarında da müəyyən passivlik yarana bilər, lakin bu, qiymətlərin mütləq ucuzlaşacağı anlamına gəmir: "İlin sonunda vətəndaşların və biznes subyektlərinin illik gəlirlərini müəyyən etməsi, növbəti ilin əvvəlində, xüsusilə mart-aprel aylarında isə yeni qərarlar qəbul etməsi bazardakı aktivliyə təsir göstərə bilər".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR