Elektron satınalmalarla büdcə 294,3 milyon manat qazanıb

Elektron satınalmalarla büdcə 294,3 milyon manat qazanıb
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk yarısında keçirilən elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cari ilin ilk 6 ayında ümumilikdə 3 489 elektron satınalma keçirilib. Bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Qənaət edilən 294,3 milyon manat ehtimal olunan qiymətin 14,7 faizinə bərabər olub.

Mirzə Mirzəyev bildirib ki, əldə olunan nəticələr dövlət vəsaitlərindən daha səmərəli istifadəyə, əlavə xərclərin minimuma endirilməsinə və satınalma məsrəflərinin optimallaşdırılmasına imkan verib.

O qeyd edib ki, satınalmalarda rəqabətli mühitin genişləndirilməsi sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarını artırır. Cari ilin ilk 6 ayında açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tenderlərdə 3,7, kotirovka sorğularında isə 3,4 olub. Ümumilikdə orta iştirakçı sayı 3,5 təşkil edib.

Sədr müavininin sözlərinə görə, satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də sistemin əsas elementlərindəndir. Bu istiqamətdə Agentlik tərəfindən monitorinq və nəzarət tədbirləri həyata keçirilir.

Bildirilib ki, 2026-cı ilin ilk yarısında müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən 1 144 yekun protokol ləğv edilib.

Təlimdə elektron satınalma sisteminin inkişafı istiqamətində görülən işlərə də toxunulub. Qeyd edilib ki, dövlət satınalmalarının vahid internet portalının funksional imkanları genişləndirilir. Artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa portal üzərindən formalaşdırılır.

Bundan başqa, “E-tender.gov.az” portalı ilə Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi arasında inteqrasiya həyata keçirilib. Bu inteqrasiya nəticəsində yekunlaşmış satınalmalar üzrə müqavilə və təklif məlumatlarının “e-müqavilə” altsisteminə ötürülməsi və müqavilələrin həmin sistem üzərindən imzalanması təmin edilir.

İmzalanmış müqavilələr barədə məlumatlar isə yenidən dövlət satınalmalarının vahid internet portalına ötürülür. Bu da satınalma prosesinin müxtəlif mərhələləri arasında məlumat mübadiləsinin daha operativ və sistemli həyata keçirilməsinə imkan yaradır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR