"Dövlət satınalmalarının həcmi 1,6 dəfə artıb" - Mirzə Mirzəyev

Dövlət satınalmalarında rəqəmsal transformasiya və elektron satınalma mexanizmlərinin genişləndirilməsi prosesin səmərəliliyini artırıb.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı dövlət satınalmaları sahəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.
O bildirib ki, görülən işlərin miqyası dövlət satınalmalarının həcminin artım dinamikasında da özünü göstərir. Belə ki, 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb.
Mirzə Mirzəyev xüsusilə dövlət satınalmalarında rəqəmsal transformasiyanın nəticələrinə diqqət çəkib. Onun sözlərinə görə, ötən il 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb.
Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Bu göstərici elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini göstərir.
Müsbət dinamikanın 2026-cı ildə də davam etdiyi bildirilib. Cari ilin ilk yarımilində keçirilmiş 3 500-ə yaxın elektron satınalmanın ümumi məbləği 1,7 milyard manat təşkil edib. Bu dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
Mirzə Mirzəyevin sözlərinə görə, 2026-cı ilin ilk yarısında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib. Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7 faiz olub.
AİBNDA sədrinin müavini dövlət satınalmalarının vahid internet portalının – etender.gov.az-ın funksional imkanlarının genişləndirilməsinin də prosesin səmərəliliyinə mühüm təsir göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, portalın digər dövlət informasiya sistemləri ilə inteqrasiyası satınalma ekosisteminin daha əlçatan, operativ və səmərəli olmasına imkan yaradır. Ötən dövr ərzində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə həyata keçirilən inteqrasiyalar bu istiqamətdə atılan mühüm addımlardandır.
“Görülən işlər biznes subyektlərinin dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsinə və proseslərin onlar üçün daha çevik təşkilinə xidmət edir”, - Mirzə Mirzəyev bildirib.
Firuzə Əliyeva






