Dünya bu tarixdə trilyonlarla dollar itirəcək

Xəbər verdiyimiz kimi, 2026-cı ilin sonlarında dünyanın ən güclü El-Nino hadisələrindən biri baş verə bilər. ABŞ-nin İqlim Proqnozlaşdırma Mərkəzi güclü El-Nino ehtimalını 90 faizdən yuxarı, hadisənin oktyabr-dekabr aylarında 1950-ci ildən bəri rekord səviyyəyə çatma ehtimalını isə 69 faiz qiymətləndirir.
Sfera.az xəbər verir ki, El-Nino Sakit okeanın ekvatorial hissəsində suların isinməsi ilə yaranır və qlobal hava şəraitini dəyişir. Hadisə Asiyanın bəzi bölgələrində quraqlıq, Cənubi Amerikada isə güclü yağış və daşqınlara səbəb ola bilər. Bu, kənd təsərrüfatı, enerji və ərzaq bazarları üçün ciddi risk yaradır.
Əvvəlki güclü El-Ninyo hadisələrinin iqtisadi təsiri də böyük olub. 1982–1983-cü illərdəki hadisənin qlobal itkiləri 4,1 trilyon dollar, 1997–1998-ci illərdəki hadisənin itkiləri isə 5,7 trilyon dollar qiymətləndirilib.
Hazırkı proqnozlara görə, yeni El-Ninyo xüsusilə ərzaq istehsalı və qiymətlərinə təsir göstərə bilər. Baş verəcək hadisələrdən dolayı dünya trilyonlarla dollar itirə bilər. Bununla belə, mütəxəssislər artan kənd təsərrüfatı məhsuldarlığı və böyük ərzaq ehtiyatlarının əvvəlki hadisələrlə müqayisədə zərəri müəyyən qədər azaltmağa imkan verəcəyini bildirirlər.
İnci
Sfera.az






